Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
General: Əsgərliyə gedən hər bir gənc Aprel döyüşçüləri kimi olmaq istəyir
Son illərdə hərbi sahəyə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılıb, ölkənin müdafiə potensialı əsaslı gücləndirilib.
Oxu.Az xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu gün Konqres Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin ən parlaq qələbəsi kimi tarixə yazılıb:
“Parlaq Aprel səhifəsindən 3 il keçməsimə baxmayaraq, xalqımız bu qələbənin sevincini hələ də yaşayır, düşmən isə əksinə, bu məğlubiyyətin acısını hələ də unuda bilmir. Aprel döyüşlərində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, fiziki sağlamlığını vətənə qurban vermiş qazilərimizin igidlik nümunəsi və zəfər eşqi gələcək qələbələrə yol açdı.
Bu gün hərbi xidmətə çağırılan hər bir gəncin arzusu belə igid oğullar kimi düşməni məhv etmək, zəfər qazanmaq, qəhrəman olmaqdır. Azərbaycan üçün zəfərlərin davamı hələ qarşıdadır”.
A.Rəhimov onu da əlavə edib ki, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməyəcəyini açıq-aydın bəyan etdi:
“Aprel döyüşləri hər kəsə sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz. Uzun illər dünya Ermənistanın saxta məlumatlarını eşitsə də, Aprel döyüşlərindən sonra dünya Azərbaycanın mövqeyi ilə barışmağa başlayıb.
Aprel döyüşləri göstərdi ki, biz hərb yolu ilə işğal altında olan torpaqlarımızı ala bilərik.
Ermənilərin təbliğat sahəsində 200 ildə gördüyü işlərə Azərbaycan son 10 ildə ideoloji cəhətdən layiqli cavab verib. İşğal altında olan torpaqlarımız tez bir zamanda azad olunacaq və Azərbaycanın bayrağı bu torpaqlarda dalğalanacaq. Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağı gün uzaqda deyil”.
Könül Cəfərli
Rəylər