Bəhrəmtəpə-Ağsu magistral yolunun Girdimançay çayı üzərindən keçən hissəsində yerləşən körpünün vəziyyəti sürücülərin narazılığına səbəb olub.
Baku TV-nin məlumatına görə, sürücülər körpünün yol örtüyündə yaranan çuxurların xüsusilə gecə saatlarında hərəkəti çətinləşdirdiyini və qəza riskini artırdığını deyirlər.
"Bu yol 10 tona qədər yükdaşıyan iri maşınlar üçün nəzərdə tutulub. Amma 30-40 tonluq yük maşınlarının da burada hərəkət etdiyini görürəm. Körpü yararsız vəziyyətdədir. Gecə saatlarında görmə məhdudlaşır. Mən yolu bildiyim üçün həmin çuxurlara diqqət edirəm. Amma yolu tanımayan sürücülər burada hər an qəza edə bilərlər", - deyə vətəndaş diqqətə çatdırıb.
Kənd sakinlərindən biri isə körpüdə tez-tez qəzaların baş verdiyini deyib:
"Hər gün bu yoldan keçirəm və demək olar ki, hər gün qəza ilə rastlaşıram. Tədbir görülməsə, ağır faciə olacaq".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən körpüyə mütəxəssislər tərəfindən baxış keçirilib, müvafiq monitorinq və qiymətləndirmə işləri aparılıb:
"Aparılan araşdırmaların nəticələrinə əsasən, körpüdə əsaslı bərpa işlərinin həyata keçirilməsinə ehtiyac olduğu müəyyənləşdirilib. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Hazırda təkliflərə baxılması və onların təsdiqlənməsi gözlənilir. Təkliflər təsdiqləndikdən sonra körpüdə zəruri əsaslı təmir-bərpa işlərinin icrasına başlanılacaq".