"Azərbaycan daxili karbon bazarının yaradılmasına başlamalıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin iqtisadçısı Əli Əhmədzadə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Karbon bazarları üzrə müzakirə: Karbon bazarları vasitəsilə iqlim maliyyələşməsinin imkanlarının açılması" adlı panel müzakirədə deyib.
O bildirib ki, karbon bazarının qurulması yolu bir çox yurisdiksiyalar üçün asan olmayıb:
"Pulsuz kvotaların həddindən artıq bölüşdürülməsi səbəbindən qiymətlərin kəskin düşməsinin şahidi olublar və bəziləri yolun yarısında bazar dizaynlarını dəyişiblər".
Ə.Əhmədzadə Avropa Birliyi, Çin, Qazaxıstan və Özbəkistanın karbon bazarları təcrübəsinə istinad edərək qeyd edib ki, Azərbaycan bu yurisdiksiyaların buraxdığı səhvlərdən qaça, eyni zamanda onların uğurlu təcrübələrini adaptasiya edərək daxili karbon bazarını daha səmərəli formalaşdıra bilər və beynəlxalq karbon ticarəti əməliyyatlarında iştirak edə bilər:
"Məsələn, Özbəkistanda sərhədlərarası karbon əməliyyatları Nazirlər Kabinetinin qərarı ilə icazə almış şirkətlər tərəfindən həyata keçirilir və hər bir əməliyyat Maliyyə və İqtisadiyyat nazirliklərinin təsdiqini tələb edir. İnkişaf etməkdə olan ölkə üçün bu, prosesə etibarlılıq gətirir. Özbəkistan artıq bu ildən Paris Sazişinin 6.2-ci maddəsi çərçivəsində Yaponiya ilə əməkdaşlıq edərək, yerli karbon bazarı formalaşmamış belə, beynəlxalq karbon vahidləri ticarətinə başlayıb. Bu, yerli bazar infrastrukturu tam qurulana qədər beynəlxalq mexanizmlərdən necə faydalanmaq olacağına dair faydalı bir nümunədir".