"Moskvada keçiriləcək Rusiya-Ermənistan yüksəksəviyyəli danışıqlarının əsas mövzuları Ermənistanın gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi olacaq".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Dövlət başçıları ikitərəfli əlaqələrimizin əsas mövzusunu - Ermənistanın inkişaf vektorunun, oriyentasiyasının seçilməsini və müvafiq referendumun təşkili məsələsini hərtərəfli müzakirə etmək imkanı əldə edəcəklər", - deyə Peskov vurğulayıb.
Ermənistanın baş nazirinin Rusiyaya səfərinin konkret tarixinə toxunan Kremlin nümayəndəsi qeyd edib ki, bu səfərin dəqiq vaxtı dövlət rəhbərlərinin iş qrafikləri nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
O xatırladıb ki, Rusiya və Ermənistan liderləri arasında Bişkekdə baş tutan son danışıqlar zamanı ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı bəzi konkret məqamlar müəyyən edilib.
"Müvafiq qurumlar bu məsələlərlə məşğul olacaq və onları işləyib hazırlayacaqlar. Lakin ən əsası, Paşinyanın yaxın vaxtlarda Moskvaya səfər edəcəyinə dair razılıq əldə olunub və dövlət başçıları ikitərəfli münasibətlərimizin əsas mövzusunu bir daha bütün detalları ilə müzakirə edə biləcəklər", - deyə Peskov əlavə edib.
Xatırladaq ki, sentyabr ayında Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanın gələcək inteqrasiya planlarına dair sakit rejimdə dialoq aparmaq barədə razılığa gəldiyini bildirmiş və bu məqsədlə onu Moskvaya dəvət etmişdi.