Göyçay rayonunda bələdiyyə sədri Mahmud Şıxməmmədovun intihar etməsi ilə bağlı şok məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı Qaynar.info-nun yaydığı məlumatda bildirilir ki, bələdiyyə sədri mərhum Mahmud Şıxməmmədov ötən gün istintaqa çağırılıb.
Bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, lakin kredit götürə bilməyib. Sayt öz mənbəsinə istinadla bələdiyyə sədrindən külli miqdarda pul tələb oldunduğu iddia edib. Bu məbləğin hətta 30-50 min manat civarında olduğu deyilir.
Mərhumun qardaşı oğlu Rahib Şıxməmmədov isə bildirib ki, hazırda yas mərasimindədirlər və hadisə ilə bağlı ətraflı məlumat verəcəklər: “Müxtəlif versiyalar var. Dəqiq məlumatları çatdıracağıq. İndi hüzr mərasimidir və başımız qarışıb”.
Məsələ ilə bağlı Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi Emin Qurbanov bildirib ki, bir müddət öncə Rayon Prokurorluğu tərəfindən bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb:
“Prokurorluqda 178-ci maddə (dələduzluq) ilə ona cinayət işi açılıb. İstintaq materialları toplanaraq Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi ilə bağlı Polis Şöbəsi ilə əlaqə saxlamaq lazımdır. Dələduzluqla bağlı işə istintaq şöbəsi baxır. İş isə istintaq şöbəsinin müstəntiqi Saleh Muştaqovdadır. Bələdiyyə sədrinin intihar etməsinə gəlincə, hadisənin səbəbləri tərəfimizdən araşdırılır. Hələ ki, Mahmud Şıxməmmədovun hansı səbəbdən intihar etməsi bəlli deyil”.
İstintaq şöbəsinin müstəntiqi Saleh Muştaqov Qaynar.info-ya açıqlamasında bələdiyyə sədrindən pul tələb olunması ilə bağlı yayılan məlumatları əsassız adlandırıb:
“Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də o, intihar edib. İş Baş Prokurorluğun nəzarətindədir. Ondan rüşvət istəniləməsi ilə bağlı iddialar əsassızdır. Onun barəsində ağır maddə ilə - Azərbaycan Respublikası CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Cinayət işi Rayon Prokurorluğunda bu ayın 20-də başlanıb və polis şöbəsinə göndərilib. Onun intihar etməsi də bununla bağlıdır, çünki üstündə ağır maddə var idi”.
09:47
Göyçay rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib.
2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M. Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Göyçay Rayon Prokurorluğu tərəfindən intihar hadisəsinin başvermə səbəbi araşdırılır.