Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə ilk dəfə humanitar xarakterli aksiya təşkil edib.
ƏƏSMN-dən Oxu.Az-a verilən məlumata əsasən, dekabrın 24-də nazirliyin təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şamaxı rayonunda olaraq, bu rayonda, eləcə də İsmayıllı və Qobustan rayonunda yaşayan gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərib.
Nazirliyin qeyd olunan rayonlar üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan, müalicə aparılmaqla reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan tibbi əməliyyat etdirə bilməyən 30 nəfər gözdən əlil şəxs səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin ediliblər.
Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilmiş səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən onlar ətraflı tibbi müayinə edilməklə, onlara müvafiq müalicə prosedurları tətbiq olunub. Ayrı-ayrı şəxslərin səyyar oftalmoloji klinikada cərrahi əməliyyatı həyata keçirilib.