Aran bölgəsində güclü külək bir sıra fəsadlar törədib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu gün günorta saatlarından əsməyə başlayan güclü külək elektrik təsərrüfatına ciddi ziyan vurub.
Rayonun bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Ucar Paylayıcı Elektrik Şəbəkəsinin növbətçi hissəsindən verilən məlumata görə, güclü külək nəticəsində bir çox elektrik naqillərində qırılmalar baş verdiyindən enerjinin verilişi müvəqqəti dayandırılıb. Hal-hazırda şəbəkə əməkdaşları ərazidə təmir işləri aparırlar.
Külək Zərdab rayonunun da elektrik təsərrüfatına ciddi ziyan vurub. İri gövdəli ağacların budaqlarının qırılaraq elektrik naqillərinin üstünə düşməsi nəticəsində naqillər sıradan çıxıb, bu səbəbdən də rayonun bir çox yaşayış məntəqəsinə elektrik enerjinin verilişi dayandırılıb.
19:27
Şamaxı rayonunda güclü külək və leysan bir sıra fəsadlar törədib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, iki gün öncə başlayan güclü külək hələ də davam edir.
Güclü külək nəticəsində bir sıra dağıntılar qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, ani başlayan külək əsasən yaşayış evlərinə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Güclü külək rayon ərazisində ümumilikdə 5-ə yaxın evin dam örtüyünü atıb, bir neçə elektrik dirəyini aşırıb və naqilləri qırıb.
İki gündür ki, rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda rayon rəhbərliyi tərəfindən təbii fəlakətin rayona vurduğu ziyanın aradan qaldırılması yönündə işlər aparılır. Elektrik naqilləri təmir olunur elektrik dirəkləri dəyişdirilir. Təbii fəlakətin rayona vurduğu ziyanın məbləği araşdırılır.