Qan Turalı yazır...
Güllə cəmi bir neçə millimetr sağa getsəydi, bəşər tarixi başqa cür yazılacaqdı. Söhbət ABŞ-də prezidentliyə namizəd Donald Trampa qarşı terrordan gedir.
İlin sonunda ABŞ-də prezident seçkisi keçiriləcək. Seçkinin favoriti isə ABŞ-nin 45-ci prezidenti, hazırda da respublikaçı namizəd Donald Trampdır. Güllə bir neçə millimetr sağa getsəydi, Tomas Metyu Kruks daha dəqiq atəş açsaydı ya atəş anında güclü külək qopsaydı ya da Kruksun əli əssəydi, Trampın təkcə siyasi yox, həm də fiziki ömrü başa çatacaqdı.
ABŞ prezidentləri üçün sui-qəsd heç də yeni bir ölüm forması deyildir. Bundan əvvəl isə dörd ABŞ prezidenti vəzifə başında ikən məruz qaldıqları sui-qəsd nəticəsində həyatını itirib. Onların ən məşhuru Avraam Linkoln və Con Kennedi idi. ABŞ-də quldarlığın ləğvinə nail olan görkəmli prezident Linkoln 1865-ci ildə silahlı hücum nəticəsində öldürülüb. 1963-cü ildə isə Con Kennedi eyni aqibətə məruz qalıb. 1881-ci ildə prezident Qarfild, 20 il sonra isə Makkinley öldürülüb.
Prezidentliyə namizədlərə gəldikdə isə... Con Kennedinin qardaşı Robert Kennedi qardaşının ölümündən 5 il sonra qətlə yetirildi. Bundan başqa bir çox prezident və namizəd silahlı hücuma məruz qalıb, ancaq xilas olmağı bacarıblar. Bir sözlə, sui-qəsdə tuş gələn ABŞ prezidentləri və namizədlər haqqında çoxseriyalı sənədli film istehsal etmək belə mümkündür. Çünki material həddən artıq çoxdur.
ABŞ-nin sui-qəsdlərlə bağlı bədnam keçmişini araşdırmaq üçün cildlərlə kitab yazmaq lazımdır. Çünki başqa heç bir ölkədə prezidentlərə qarşı bu qədər sui-qəsd qeydə alınmamışdı. Təbii ki, sui-qəsdlərin sayının çox olmasının obyektiv səbəbləri də var. Belə ki, ABŞ-də odlu silah əldə etmək son dərəcə asandır. İllərdir ki, demokratlar buna qarşı çıxır və ironik bir şəkildə Tramp başda olmaqla respublikaçılar odlu silah əldə etməyi müdafiə edirlər.
ABŞ Prezidenti Bayden xalqa müraciətində sui-qəsdlə bağlı bir çox detalın hələ də qaranlıq qaldığını bildirdi. Ancaq jurnalistlər də bir sıra faktlar toplayıblar. Bu faktlara nəzər salaq.
Qatil Tomas Metyu Kruks mitinq yerinə cəmi 70 kilometr məsafədə olan Betel-Parkda yaşayırdı. O, Betel-Park Liseyini 2 il bundan əvvəl bitirmişdi. "Reuters"in xəbərinə görə, Tomas 17 yaşında ikən solmeyilli bir təşkilat vasitəsi ilə demokratlara 15 dollar həcmində ianə də edibmiş.
Kruks xüsusi xidmət agentləri tərəfindən hadisə yerindəcə öldürüldü. Onun üstündən heç bir sənəd çıxmasa da, şəxsiyyəti DNT analizi ilə müəyyən edilib. Qatilin əynində "Demolition Ranch" (Dağıntı ferması) adlı "YouTube" kanalının köynəyi olub. Milyondan artıq abunəçisi olan bu kanalda müxtəlif növ silah və partlayıcılar nümayiş olunur.
"Klayrton Sportmens" adı atıcılıq klubu Kruksun onlara üzv olduğunu təsdiq edib. Bu da Kruksun uzaq məsafədən sərrast atəş açmaq bacarığını haradan əxz etdiyini də göstərir.
Lisey yoldaşları Kruksun sakit qaradinməz bir şagird olduğunu vurğulayırlar. Onların sözlərinə görə, Kruks adətən tək gəzirdi, heç dostu yox idi, tarix dərslərindən yüksək qiymətlər alır və siyasətlə maraqlanırdı. Kruksun əməli onları heyrətə salıb.
Kruksun hansı motivasiya ilə bu cinayəti törətdiyi də məlum deyil. FBI (Federal Təhqiqatlar Bürosu - red.) motivasiya ilə bağlı hələlik heç nə əldə edə bilmədiklərini qeyd edir.
İstintaq, əlbəttə ki, motivasiya və başqa bir sıra suallara cavab axtaracaq. Ən çox maraq doğuran məqam isə Kruksun bu cinayət üçün kimlərdənsə əmr alıb-almadığı olacaq. İstintaq isə hələ təzə başlayıb.
Tarixə məftun olan Kruks Trampı tarixdən silə bilmədi. Bu sui-qəsddən sonra Trampın prezidentliyi az qala rəsmiləşdi. Kruks isə 20 yaşında bədnam bir şöhrətlə dünyaya vida etdi. Halbuki güllə cəmi bir neçə millimetr sağa getsəydi, hər şey başqa cür olacaqdı.
