Günəşli qəsəbəsində yol təmirinin ləngiməsi, küçənin qaşınmasından xeyli vaxt keçməsinə baxmayaraq asfaltlanmaması məsələsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) münasibət bildirilib.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, ərazidə təmir işlərinə təxminən 10 gün əvvəl başlanılıb:
"Təmir prosesi böyük bir ərazini əhatə etdikdə qısa müddətdə işləri aparıb yekunlaşdırmaq olmur. Bəlkə də insanlar texnika-filan görmürlər, amma işlər davam edir. Bir-iki günə orada asfaltlanma işləri də icra olunacaq".
Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində yolların asfalt örtüyü qaşındıqdan sonra ərazidə təmir işləri tamamlanmayıb.
Bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Sakinlərin sözlərinə görə, Günəşli qəsəbəsinin girişində və qəsəbəni Babək prospekti ilə birləşdirən yolda asfalt örtüyü qaşınaraq götürülüb, lakin iki həftədən çox vaxt keçməsinə baxmayaraq, yeni asfalt döşənməyib.
Sakinlər bildiriblər ki, hazırda yollarda toz-torpaq və çınqıl çoxluq təşkil edir, bəzi hissələrdə isə böyük çuxurlar yaranıb.
Onların sözlərinə görə, Günəşlidə digər yollarda da vəziyyət olduqca bərbaddır.
Bildirilib ki, problemin miqyası yalnız qəsəbə daxilindəki küçələrlə məhdudlaşmır.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.