"Günvurma, istilik vurması və ya istilik çarpması olaraq da bilinən bədənin həddindən artıq istiliyə məruz qalması nəticəsində bədən temperaturunun yüksəlməsi ilə (40 dərəcə və daha yüksək ) meydana gələn ciddi tibbi bir vəziyyətdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim terapevti Günel Sadıqlı bildirib.
Onun sözlərinə görə, bu, bədənin istiliyi tənzimləmə qabiliyyətinin pozulması ilə xarakterizə olunur və təcili tibbi müdaxilə tələb edir:
"Bu zaman dəri isti və qızarmış ola bilər, tərləmə azalır və ya tamamilə dayanır. Güclü baş ağrısı və baş hərlənməsi, sürətli və dərin nəfəs alma həmçinin sürətli ürək döyüntü, əzələ ağrıları və qıcolmalar, əsəbilik, çaşqınlıq, bəzən huşun itirilməsi, qusma, ürəkbulanma kimi şikayətlər ola bilər. Əlamətləri hiss edən şəxs dərhal tədbir görməlidir. Belə ki, günəşin altında və isti mühitdən kölgəyə, sərin yerə keçmək, elektrolitləri təmin etmək üçün bol miqdarda su içmək lazımdır".
G.Sadıqlı qeyd edib ki, bu zaman bədən temperaturunu aşağı salmağa çalışmalıyıq:
"Buna bədəni sərin su ilə isladılmış bezlə silmək və ya buz kompresi tətbiq etmək, daha sonra soyuq su ilə duş almaq aiddir. Geyimi yüngülləşdirmək lazımdır: yüngül, nəfəs alan pambıq materialdan geyimlər məsləhətdir. Əlamətlər ciddi və ağırdırsa, dərhal həkimə müraciət edilməlidir".
Terapevt vurğulayıb ki, günvurma ciddi bir vəziyyət olduğu üçün əlamətləri hiss edən şəxs və ya ətrafındakı insanlar dərhal tədbir görməli, gecikmələr ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.