Azərbaycandan Suriyaya din uğrunda döyüşməyə gedənlərin son günlər sayının artması ilə bağlı müxtəlif dini təriqət nümayəndələri və dövlət komitəsi mövqe bildirib.
Oxu.Az APA-ya istiandən xəbər verir ki, Bakıdakı Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib ki, Suriyada baş verənlər o ölkənin daxili işidir:
“Sadəcə, bəzi dövlətlər bundan öz maraqları üçün istifadə edərək, radikal təfəkkürlü insanları o ölkədə baş verənlərə cəlb edir, ölkə daxilində silahlı qarşıdurma yaradırlar. Suriyada baş verənlərin müqəddəs müharibəyə, cihada heç bir aidiyyəti yoxdur. Cihad Qurani-Kərimdə işlənmiş sözdür və təcavüzə məruz qalanın özünü qoruması mahiyyətini daşıyır.
Yəni hansısa müsəlman xalq təcavüzə məruz qalırsa, torpaqları zəbt olunursa, işğal olunursa, xalqın vəzifəsidir ki, öz dəyərlərini qoruyaraq təcavüzkara cavab versin. Bunların isə heç birinin bu gün Suriyada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, azərbaycanlılar da bu gün oradakı döyüşlərdə iştirak edir. Onlar əslində Qarabağa yollanıb orada cihad elan etməlidirlər”.
Hacı Şahin onu da deyib ki, Suriyada cihad adı altında vuruşaraq ölənlər şəhid hesab oluna bilməz:
“Mən heç vaxt inanmıram ki, onlar şəhid olsunlar. Çünki əslində bu, müsəlmanlar arasında ixtilafdır, cihad deyil. Orada müsəlmanlar arasında ixtilaf salınıb və insanları qurban edirlər. Müsəlmanlar arasında məzhəb ixtilafları yaradaraq qurban edilən insanlar şəhid deyillər. Bu axının qarşısının alınması üçün sistemli tədbirlər görülməli və maarifləndirmə işi gücləndirilməlidir”.