Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hafiz Hacıyev: 32 manata yaxşı kostyumlar var, yerini göstərə bilərəm - MÜSAHİBƏ
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Oxu.Az-a müsahibəsi:
- Hafiz müəllim, “Space” TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində ayaqqabınızı soyunmusunuz, ona tikiş vurulduğunu demişiniz. Bir sözlə, yenə də maddi durumunuzdan şikayətlənmisiniz. Ancaq belə düşünənlər də var ki, sizin maddi imkanınız heç də pis deyil.
- Hafiz Hacıyevin elə böyük imkanı olsaydı, birinci olaraq siz jurnalistlərə imkan yaradardı. Bütün jurnalistləri dəvət edirəm ki, gəlib yaşadığım evə baxsınlar. Mən həmişə kasıblıq içində yaşamışam. Amma vicdanlı həyat sürmüşəm. Ayaqqabımı müzakirəyə çıxarırlar.
Bu gün Bakıda çox yerdə ayaqqabı tikirlər. Mənim o ayaqqabımın qiyməti 17 manatdır. Az pul deyil ki! Hər dəfə pul verib ayaqqabı alası deyiləm ki! Hafiz Hacıyevin imkanı olsaydı, başqaları kimi 400-500 manatlıq ayaqqabı geyinərdi.
Mənim imkanım olsaydı, bahalı maşında, cangüdənlə gəzərdim, şəhərin mərkəzində müasir binalarda evim olardı. Hazırda isə “Xruşovkada” yaşayıram.
- Hafiz müəllim, şəxsən özüm sizin heç də ucuz sayılmayan avtomobilinizi görmüşəm. Bəs bu, hansı pulla alınıb?
- Mənim avtomobilim “Hyundai Sonata”dır. 2011-ci ilin maşınıdır. O vaxt kreditlə almışdım. İndi isə köhnəlib. Burada ciddi bir şey yoxdur. Gəlib şəklini də çəkə bilərsiniz. Partiyanın qərargahının qarşısındadır.
- Krediti bitirmisiniz?
- Bəli, krediti ödəyib bitirmişəm. Onu beş illik kreditlə götürmüşdüm.
- Bəs başqa kredit borcunuz var?
- Telefonum və kompüterim kreditə alınıb. Gələn ay da onların pulunu verib bitirəcəyəm.
- Ancaq geyimləriniz də çox ucuz mal təsiri bağışlamır.
- Mən kostyumları “Sədərək” ticarət mərkəzindən alıram. “Sədərək”də 64, 74 manata kostyumlar var. Kimə lazımdırsa, ona kömək edə bilərəm, yerini göstərərəm. 32 manata, 52 manata da yaxşı kostyumlar var. Mənim kostyumumun qiyməti 100 manatdan baha deyil.
- Partiyanızın qərargahını icarəyə götürmüsünüz?
- Partiyamızın qərargahı partiya üzvlərindən birinin şəxsi yeridir. Amma buna baxmayaraq, biz ayda ona 350 manat icarə haqqı ödəyirik. Partiya üzvlərinin eləsi var ki, imkanlıdırlar, ayda müəyyən məbləğlərdə kömək edirlər.
- Hafiz Hacıyevin heçmi qazancı yoxdur?
- Özümə bağışlaya bilmirəm ki, bu vaxta qədər özümə biznes qura bilməmişəm. Hansısa bir biznesim olsaydı, indi məni istəməyənlər bunu aləmə car çəkərdilər. Mənim hər hansı bir biznesim ortaya çıxsa, onu jurnalistlərlə bölüşəcəyəm.
Aqşin Kərimov
Rəylər