Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Həbsdə olan atadan aliment istəmək: QANUN, yoxsa BOŞLUQ?
Aliment məsələsi ilə bağlı problemlərin aktuallaşdığı bu dönəmdə ortaya çıxan maraqlı suallardan biri də budur: ata cəzaçəkmə müəssisəsində olanda ondan aliment tələb etmək olarmı? Tələbdən əlavə, ata həmin alimenti ödəməlidirmi?
Sözügedən məsələ qanunvericilikdə necə tənzimlənir?
Vəkil Turan Abdullazadə mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
O bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar:
"Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 97-ci maddəsinə əsasən, məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər. Yəni məhkumlar da işləyə bilər və işlədiyi üçün əməkhaqqı ala bilərlər. İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əməkhaqqının məbləği əməyin ödənilməsinin müəyyən olunmuş minimum miqdarından az olmamalıdır.
Həmin Məcəlləyə əsasən, məhkumların əməkhaqqısından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlər tutulur. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır.
Yəni məhkum işləyirsə, onun əməkhaqqısından aliment tutulur və uşağın saxlanılması üçün himayədə olduğu şəxsə verilir. Əgər məhkum işləmirsə, ondan aliment tutulmur. Lakin aliment hesablanmağa davam edir. Bu o deməkdir ki, həmin şəxs nə vaxtsa azadlığa çıxsa, onu yığılmış aliment borcu gözləmiş olacaq".
Məhərrəm Əliyev