Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi
Masallı Rayon Məhkəməsində "Bioloji Təbabət" klinikasının bu rayondakı filialının cərrahı Qəhrəman Aydın barəsindəki cinayət işinə baxılıb.
"Qafqazinfo" xəbər verir ki, 35 yaşlı neyrocərrah Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb. O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb.
Fotoda Günel Nəsibova
Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki sinir damarını kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.
Məhkəmədə Qəhrəman Aydın ekspertiza rəyi ilə razı olmadığını bildirib. O, A.Adıgözəlovanın müalicəsi və sağalması üçün tibbi üsulların mövcud olduğunu deyib.
Zərərçəkmiş tərəf isə cərrahın onu ömürlük şikəst etdiyini bildirərək cəzalandırılmasını, dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini tələb edib.
Masallı Rayon Məhkəməsindəki proses iyulun 31-də başa çatıb.
Məhkəmənin hökmü ilə Qəhrəman Aydın 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. Ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Əlavə olaraq mülki iddia qismən təmin edilib. Cərrahdan 15 226 manat pul tutularaq A.Adıgözəlovaya ödənilməsinə qərar verilib.
"Masallı rayonu" teqi üzrə xəbərlər
- Azərbaycanda müəllim toyda vəfat etdi
- Pasiyentini ömürlük şikəst edən həkim yenidən məhkəməyə müraciət etdi
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
- Piyadanı vuraraq öldürən şəxs: "Qəzadan əvvəl ayı ödü yemişdim, ola bilsin spirtli olub"
- Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə döydü
Rəylər