Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xəstəni qəbul etmədən pul alan həkimin köməkçisi: "Pasiyentlər özləri israr edirlər"
Ginekoloq Yeganə Əliyevanın qəbuluna yazılmaq üçün qeyri-qanuni yolla ödəniş tələb edilməsi ilə bağlı Gəncə şəhərindən də Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.
Belə ki, Gəncədə fəaliyyət göstərən "Şans" Tibb Mərkəzində çalışan mama-ginekoloq Yeganə Əliyevanın qəbuluna yazılmaq istəyən şikayətçi bildirib ki, bunun üçün ondan təqdim olunan karta 50 AZN ödəmək tələb edilib.
Oxu.Az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün həkimin qəbul nömrəsi ilə əlaqə saxlayıb və məlum olub ki, təyin olunmuş növbəni təsdiqləmək üçün bank kartına artıq 50 yox, 70 manat ödəniş edərək çekin şəklini göndərmək lazımdır.
Qəbula yazılmaq istəyən pasiyentlərdən öncədən ödəniş tələb edilməsinin səbəbini aydınlaşdırmaq üçün Oxu.Az həkimlə əlaqə saxlamağa cəhd etsə də, zəngi onun köməkçisi cavablandırıb. Həkim köməkçisi öncədən ödəniş tələb edilməsini qəbula yazılanların uzun növbələrdə qalmaq istəmədikləri ilə əlaqələndirib:
"Bizim pasiyentlərin çoxu Gədəbəy, Şəki, Qazax rayonlarından gəlir. Onlar xahiş edirdilər ki, qəbula qeydiyyatı onlayn formada aparaq. Mən bir neçə gündür, onlayn qəbulun dayandırıldığını paylaşmışam, pasiyentlər çıxılmaz vəziyyətdə qalıblar. Çünki xəstəxanaya gələrək növbə alanda gec olur. Adamlar özləri narazılıq edirlər ki, uzaq yol gəlirlər, qayıtmaq çətin olur. Buna görə pasiyentlər israr edirlər ki, öncədən ödəniş edərək növbə alsınlar".
"Şans" Tibb Mərkəzinin Gəncə filialından isə Oxu.Az-a bildirildi ki, həkim qəbulu ancaq canlı növbə şəklində həyata keçirilir:
"Klinikamızda öncədən ödəniş qəbul edilmir. "Instagram" səhifəmizə də yazılıb - növbə almaq istəyənlərə bildiririk ki, ancaq klinikaya gələrək növbə götürə bilərlər".
Qeyd edək ki, Y.Əliyeva Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının da işçisidir. Hospitaldan isə bu məsələnin onlara heç bir aidiyyətinin olmadığı bildirilib.
Aytac Qasımova
Rəylər