Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmalıdırlar. Qanunvericiliyə uyğun olaraq, göstərilən müddətdə həm də hərbi xidmətini başa vurmuş əsgərlər hərbi xidmətdən tərxis olunmalıdırlar. Amma seçki ili olduğundan qanunla hərbi xidmətini başa vurmuş əsgərlərin tərxis olunması yubadılır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, həqiqi hərbi xidmətini başa vurmuş əsgərlər 9 oktyab tarixindən – prezident seçkisi başa çatandan sonra, tərxis olunacaqlar.
Respublika Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqə sektorunun müdiri Nürəddin Heydərov bildirib ki, həqiqi hərbi xidmətə çağırış oktyabrın 10-dan sonra başlanacaq.
“Hərbi xidmətdən tərxis olunanlar hərbi xidmətə çağırıldığı rayonda yenidən qeydiyyata düşür. Odur ki, hərbi xidmətdən tərxis olunanların sayı ayın sonunda ümumiləşdiriləcək. Hərbi xidmətə çağırış isə ayın 10-dan sonra başlanılacaq”-deyə sektor müdiri bildirib.
Xatırladaq ki, prezident sərəncamına əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, hərbi xidmətə aparılan gənclər Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə bilirlər.
Çağırışçılar www.seferberlik.gov.az saytındakı Hərbi Xidmət bölməsinə daxil olaraq, özləri barədə informasiyaları daxil etməklə düşdükləri hərbi hissəni öyrənə bilər.