Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkisinin uzunmüddətli monitorinqinin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, alyansın həmsədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, Prezident seçkisinin monitorinqinin ikinci mərhələsi də artıq yekunlaşıb.
Bu mərhələ 12 sentyabrdan başlanıb:
“Bu mərhələdə 5 regionda monitorinqlər aparıldı. Ümumilikdə 11 region əhatə olundu. 11 regionda 78 rayonu əhatə etmişik. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəl olunub. Əsas məqsədimiz əhalinin seçki hazırlığını müşahidə etmək, partiyaların və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandığının monitorinqinin aparılması olub.
“Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86.46 %-i prezident İlham Əliyevə inandıqlarını bildiriblər.
6.54% Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2.5% Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2.4% Qüdrət Həsənquliyevə, 0.70% Sərdar Cəlaloğluna, 0.44% Zahid Oruca, 0.43% İlyas İsmayılova, 0.53% isə digər namizədlərə inandıqlarını bildiriblər.
“Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir.
Monitorinqə cəlb edilən 19 500 nəfərin 86.46 %-i, yəni 16 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib.
Onlardan 6.54%-i, yəni 1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2.5%, 487.5 nəfər İqbal Ağazadəyə, 2.4 %-i, 467.75 nəfər isə Qüdrət Həsənquliyevə, 2.1%-i, yəni, 408.75 nəfər isə digər namizədlərə “səs verərdim” deyə cavab verib”.