Bakının Həsən Əliyev küçəsində uzun müddətdir aparılan yol təmiri işləri tədris ilinin başlaması ilə tələbələrin gediş-gəlişində ciddi çətinliklər yaradıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin ikinci korpusunun qarşısında yol və səkinin vəziyyəti tələbələrin hərəkətini çətinləşdirir.
Universitetə gedib-gələn tələbələr yolun kənarında salınmış dar cığırdan istifadə etmək məcburiyyətində qalırlar.
Ərazidə toz-torpağın çox olması, eləcə də piyadaların hərəkəti üçün imkanların məhdudluğu tələbələrin gündəlik gediş-gəlişinə ciddi maneə yaradır.