Heydər Əliyev Fondu tərəfindən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.
Oxu.Az xəbər verir ki, Qaradağ rayonunda keçirilən aksiyada çıxış edən icra başçısı Süleyman Mikayılovun dediyinə görə, uşaqlara hər zaman qayğı ilə yanaşan Heydər Əliyev onların problemlərini daim önə çəkib: “Bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ümummilli liderin qoyduğu ənənələri uğurla davam etdirir”.
Tədbir Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən 19 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında baş tutub. Sünnət aksiyasına 10-a yaxın cərrah və tibb bacısı cəlb edilib. Uşaqlar ilkin olaraq yoxlamadan keçirilib, daha sonra əməliyyat otağına aparılıblar. Əməliyyat 1-10 yaş arasında olan uşaqlar üzərində aparılıb. Aksiyada 120 uşaq sünnət olunub.
Daha sonra sünnət olunan uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub. Uşaqlar tam sağalana qədər həkimlər tərəfindən nəzarət altında saxlanacaq.
