Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü kilometrində yaranan problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) mövqe bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, həmin ərazidə yolun asfalt-beton örtüyünün əsaslı təmirindən əvvəl ətraf yaşayış ərazilərində toplanan yağış və qrunt sularının kənarlaşdırılması üçün zəruri tədbirlər görülməlidir.
Qeyd olunub ki, yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub və təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli aparılmasını çətinləşdirib.
Agentliyin məlumatına görə, asfalt örtüyünün təmirinə başlanılmazdan əvvəl drenaj sistemi və suötürücü xətlər inşa edilməlidir.
Bildirilib ki, həmin tədbirlər aidiyyəti qurum tərəfindən icra edilib başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işlərinin aparılması mümkün olacaq.
Abşeron rayonunda Hökməli-Qobu yolunun vəziyyəti sürücüləri təngə gətirib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Vətəndaşların sözlərinə görə, yolda çox sayda dərin çala yaranıb. Bu səbəbdən də yağış yağanda həmin çalalara su dolur və avtomobillərin hərəkəti çətinləşir.
Həmçinin bildirilib ki, yolun bu vəziyyətdə olması avtomobillərin müxtəlif hissələrinin sıradan çıxmasına səbəb olur.