Yanvarın 22-də intihar edən gənc homoseksual İsa Şahmarlının məzarının dağıdıldığı barədə məlumat yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ANS kanalının əməkdaşı Gülnar Orucovanı İsa Şahmarlının dəfn olunduğu Binə qəsəbəsindəki qəbiristanlıqda bir neçə nəfər qarşılayıb.
Özünü İsanın əmisi kimi təqdim edən şəxs (Emil) ANS-in əməkdaşlarının çəkiliş aparmalarına mane olmağa çalışıb.
Sonradan çəkilişə şərait tapan müxbirlər, məzarın üzərindəki cinsi azlıqlara məxsus bayrağın və güllərin götürüldüyünün şahidi olub. Məzarın üstündə ayaq izləri də olub. Lakin qəbir dağıdılmayıb. Qəbiristanlıqdakı mollaların dediklərinə görə, məzarı tez-tez ziyarət edirlər.
Qeyd edək ki, yanvarın 22-də Azad LGBT təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar edib. Özünü asan İsa Şahmarlı xəstəxanaya çatdırılmadan dünyasını dəyişib.
İsa Şahmarlı intihar etmədən öncə Facebook hesabında dostları ilə vidalaşıb:
“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm... Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.
Xatırladaq ki, İsa Şahmarlı homoseksual olub.