"Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar".
Oxu.Az bildirir ki, bunu Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində ikimərtəbəli evdə baş verən partlayış hadisəsinin şahidi Şəfiqə Məmmədova Baku TV-yə danışarkən deyib.
"Partlayış səsi eşitdim. Gördüm ki, evin içində yanğın başlayıb. Uşaqları xəstəxanaya apardılar. Amma hadisə nəticəsində ölən olduğunu bilmirdim", - deyə qonşu bildirib.
Hövsanda evdə baş verən partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Aprelin 22-si saat 00:05-də Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzin çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı (kişi cinsli) şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
Hövsanda partlayış olan ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərirmiş.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli dördotaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib və yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.
Aygün Mirakif
Hövsanda evdə partlayış olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Bağlar massivində evdə qeydə alınıb.
Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.