Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
Bu məlumatı Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov verib.

"Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib. Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb. Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur", - deyə məlumatda bildirilir.
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, hadisə ötən gün Hövsan qəsəbəsində baş verib.
Kimliyi məlum olmayan qadın əlindəki alətlə dayanmış avtomobilin şüşələrini sındırmağa çalışıb və nəqliyyat vasitəsinə dəfələrlə zərbələr endirib.
İddialara görə, hücuma məruz qalan avtomobil hadisəni törədən qadının həyat yoldaşına məxsusdur.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Məsələ polis tərəfindən araşdırılır. Qadın polis şöbəsinə dəvət olunub.