“Garant-Holding”in hüquqşünası Ruslan Məmmədov Türkiyə və Azərbaycan mətbuatında holdinqin təsisçisi Anar Məmmədovun mühafizəçisinin güllələnməsi, onun özünün isə həmin ölkədə 40 milyon dollara ada alması ilə bağlı yayılmış xəbərləri şərh edib.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, hüquqşünasın bu məsələ ilə bağlı ünvanlandığı məktubda deyilir:
“Nəzərinizə çatdırıram ki, 17 iyul 2013-cü il tarixli Türkiyənin “Hürriyət” qəzetində “Azeri Bakanın Türk korumasına nə oldu” başlığı altında Yalçın Bayerin imzası ilə məlumat dərc olunub.
Bu məlumat Azərbaycan mətbuatında, o cümlədən musavat.com, qafqazinfo.az, azxeber.com, dia.az, gundeminfo.az və bir sıra digər internet portallarında da sürətlə yayılıb.
Hər şeydən öncə bildirmək istəyirəm ki, “Hürriyət” qəzetində gedən məlumatlar həqiqətə uyğun deyil və tamamilə yanlışdır.
Bildiyiniz kimi, bizim layihələrimiz çoxlu sayda ölkələri, həmçinin qardaş Türkiyəni əhatə edir və bu layihələrdə müxtəlif dövlətlərin yüzlərlə vətəndaşları çalışıblar və çalışırlar. Lakin bəlkə də nə zamanlarsa əməkdaşlıq etdiyimiz hər hansı bir şəxsin, şəxslərin bu gün bizimlə əlaqələndirilməsi sadəcə gülünc görünür. Ən azından mühüm bir məsələni unutmayaq ki, istənilən halda, dünyanın istənilən bir ölkəsində işəgötürən yalnız hal-hazırda əməkdaşlıq etdiyi işçiyə görə hər hansı bir məsuliyyət daşıyır, əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra işçinin törətdiyi hansısa bir əmələ görə keçmiş işəgötürənlərinin ittiham edilməsi heç bir sağlam düşüncəyə, sağlam məntiqə sığmır.
“Hürriyət” qəzetində gedən Çırağan Sarayında milyon dollarlıq ziyafət, eləcə də, Bodrum yaxınlığında 40 milyon dollar dəyərində bir adanın satın alınması barədə yazılanlar da həqiqətə uyğun deyil və ucuz sensasiya dalınca qaçan jurnalist təxəyyülünün məhsuludur.
Məlumatdan da görünür ki, yazılanlar heç bir mötəbər mənbəyə istinad edilmir.
Anar Məmmədovun ölkəmizin ictimai və iqtisadi həyatındakı fəal iştirak edən, eləcə də, xaricdə xüsusən ABŞ-da Azərbaycanın təbliği sahəsində irimiqyaslı işlər görən gənc iş adamı, “Garant Holding” və Azərbaycan-Amerika Alyansının təsisçisidir.
Əsas məqsədi Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışmaq, Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək olan Alyans bir müddət əvvəl Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış dəhşətli Xocalı soyqırımının Amerika Birləşmiş Ştatlarında tanıdılması istiqamətində genişmiqyaslı kampaniya keçirmişdi.
Həmin kampaniya çərçivəsində “XOCALI...Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında yüzlərlə məlumatlar Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, avtobuslar, sabit və səyyar elan lövhələrinə vurulmuşdu.
Bundan başqa, Alyansın birbaşa dəstəyi ilə Amerikanın nüfuzlu siyasətçiləri, tanınmış şəxsləri ABŞ-ın məşhur mətbu orqanlarında ölkəmiz haqqında ciddi maraq doğurmuş silsilə məqalələrlə çıxış edirlər.
Belə ki, bütün dünyada məşhur olan “Forbes” jurnalında Stratfor” Fondunun rəhbəri Corc Fridman, ABŞ-ın ən məşhur qəzetlərindən olan The Washington Times-da Alyansın fəxri prezidenti, keçmiş konqresmen Den Börtonun ölkəmiz haqqında məqalələri Azərbaycanın dünyaya tanıdılması istiqamətində görülmüş işlərdən sayıla bilər.
Lakin dərin təəssüf hissi ilə bir daha qeyd etməliyəm ki, bəzi mətbu orqanlar, peşəkarlıqdan uzaq jurnalistlər oxucuları bizim hamımızın Vətəni olan Azərbaycan naminə gördüyümüz işlər, həyata keçirdiyimiz layihələr barədə məlumatlandırmayaraq, reytinq qazanmaq naminə həqiqətdən uzaq məlumatlar dərc etməyə üstünlük verirlər. Halbuki, yerli mətbu orqanlarının həyata keçirdiyimiz layihələri, ABŞ-da ölkəmiz haqqında dərc olunmuş məqalələri geniş işıqlandırması Azərbaycana, bizim ümumi işimizə daha çox fayda gətirmiş olardı.
Bizim mətbuata, jurnalist peşəsi ilə məşğul olan insanlara böyük hörmətimiz var. Lakin gəlin unutmayaq ki, mətbuat və jurnalistin birinci dərəcəli vəzifəsi obyektiv və peşəkar olmaqdır, insanlar haqqında heç bir məntiqə sığmayan yalan məlumatlar yaymaq və reytinq qazanmaq deyil. Çox təəssüf ki, bəzi mətbu orqanlar və jurnalistlər ucuz reytinq arxasınca qaçaraq tanınmış insanların adından istifadə edir, onların barəsində həqiqətə uyğun olmayan yalan, təxribat xarakterli materiallar yayılar.
Hesab edirəm ki, bu məqalə gördüyümüz işlər, əldə etdiyimiz nəticələri gözdən salmaq niyyəti daşıyır, müəyyən şəxslərin o cümlədən ermənipərəst qüvvələrin marağına xidmət edir.
Onu da qeyd etmək istəyirəm ki, “Hürriyət” qəzetində gedən məlumatlar ətraflı araşdırılmağa başlanılıb və yaxın günlərdə məlumatların həqiqətə uyğun olmaması barədə iddia ilə Türkiyə Respublikasının müvafiq məhkəmə instansiyasına müraciət ediləcək”.