Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 700 bal toplamış 4 abituriyentdən biri də Nərminə Murğuzovadır.
Atası Sahib Murğuzov, anası Elmira Murğuzova və bacısı Aytəkinlə birlikdə Tovuz rayonunun Bozalqanlı kəndində yaşayan Nərminə Murğuzova orta məktəbi də bu il elə bu kənddə bitirib. Bu isə onun uğuruna marağı birə-beş artırır. Bu nəticə sizə adi gəlməsin. Söhbət kənd məktəbindən çıxmış istedadlı məzundan gedir.
Oxu.Az xəbər verir ki, Nərminə virtualaz.org-a açıqlamasında əldə etdiyi nəticədən çox sevindiyini, çox xoşbəxt olduğunu və qazandığı bu uğura hələ də inanmadığını deyib:
“Açığını deyim ki, bu nəticəni heç özüm də gözləmirdim. Düzdür, yüksək bal toplayacağıma əmin idim. Amma məhz 700 bal yığacağımı gözləmirdim. Çox sevinirəm. Həm də ona görə ki, valideynlərimi də, müəllimlərimi də hədsiz sevindirmişəm. Üstəlik, bu gün öyrəndim ki, mən Azərbaycan kəndlərindən olub 700 bal toplayan ilk abituriyentəm. Bu isə məni daha da sevindirir”.
Oxuduğu Bozalqanlı kənd məktəbində təhsilin səviyyəsinin yaxşı olduğunu deyən Nərminə Murğuzova repetitor yanına da getdiyini söyləyib:
“Məktəbə mütəmadi olaraq gedirdim, dərslərimiz də yaxşı keçirilirdi. Müəllimlərimdən, məktəbimizdən çox razıyam. Amma mən təhsilimi daha da yaxşılaşdırmaq, daha çox öyrənmək üçün repetitor yanına da gedirdim. Ata-anamın və mənə dəstək olan hər kəsin ümidlərini doğrultduğum üçün çox şadam. Mən sübut elədim ki, təkcə şəhər məktəblərində təhsil alan şagirdlər deyil, oxumağa həvəsi və istəyi olan hər bir gənc kənddə yaşasa belə, bunu bacara bilər”.
Nərminə Murğuzova bütün gəncləri təhsil almaqda həvəsli və inamlı olmağa çağırıb. Onu da qeyd edək ki, topladığı 700 bal ölkənin bu ixtisas qrupu üzrə bütün ali məktəblərinin qapılarını Nərminənin üzünə taybatay açıb. O isə təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirmək istədiyini söyləyib. Nərminə Murğuzova sonda deputat Qənirə Paşayevaya məktəblərində yaratdığı şəraitə, göstərdiyi maddi və mənəvi dəstəyə görə öz təşəkkürünü bildirib.