Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İçindən qurd çıxan qrilin olduğu təndirxananın fəaliyyəti məhdudlaşdırıldı
Media vasitələrində yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İlhamə Zəkaray qızı Əsədovaya məxsus "Təndir N1" iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.
Bu barədə agentlikdən Oxu.Az-a bildirilib.
Belə ki, baxış zamanı qida obyektində bişmiş yeməklərin çiy toyuq və ət məhsulları ilə birgə saxlandığı, dondurulmuş ət məhsullarının donunun açılması (defrostasiya) proseduru üçün sahənin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, emal və anbar sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinə arayışlarının qanunvericiliyə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.
Həmçinin ümumi çəkisi 6.6 kq olan subməhsulun (ağ ciyər və qara ciyər) minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər təqdim olunmayıb.
Aşkarlanmış nöqsanlarla əlaqədar qanunverciliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, həmin təndirxanada hazırlanan qrilin içindən qurd çıxması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı.
Rəylər