"Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan İcması ilə birlikdə keçirdiyi "Qərbi Azərbaycana qayıdış milli ideyanın yeni mərhələsi kimi" mövzusunda beynəlxalq elmi konfrans bu istiqamətdə gerçəkləşdirilən məqsədyönlü və konseptual fəaliyyətə ciddi töhfə və dəstək kimi dəyərləndirilə bilər".
Oxu.Az xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
Sədr bildirib ki, Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən son 200 il ərzində mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən təşkilatdır:
"Onun fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir.
Bu təşkilat 1987-1988-ci illərdə - Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi, Qərbi Azərbaycandakı ata-baba yurdlarından Ermənistan dövləti tərəfindən sonuncu adamına qədər qovulan 300 min nəfər azərbaycanlı qaçqının sosial problemlərini həll etmək üçün 1989-cu il dekabrın 28-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" adı ilə təsis edilib, 2022-ci il avqustun 3-də "Qərbi Azərbaycan İcması" adı ilə yenidən təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci ildə İcmanın inzibati binasını ziyarəti, orada etdiyi proqram xarakterli tarixi çıxışı Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına birmənalı dəstək ifadə etməsi İcmanın fəaliyyətinə yeni təkan verib.
Həmin çıxışında cənab Prezidentin Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsaslarının yaradılmasına dair verdiyi tapşırığa uyğun olaraq İcmamız qısa müddətdə "Qayıdış Konsepsiyası" hazırlayıb və bu gün də onun müddəalarına uyğun fəaliyyətini davam etdirir. Bu Konsepsiya beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanır.
Lakin təəssüf ki, İcmamız Ermənistan hökumətinə dialoq təklifi ilə dəfələrlə müraciət etsə də, qarşı tərəf çağırışlarımıza hələ də cavab vermir, əksinə, Qərbi Azərbaycana qayıdış məsələsini siyasi gündəmdən çıxarmaq üçün əlindən gələni edir. Əlbəttə, biz bunun səbəblərini anlayırıq".
Ə.Ələkbərli qeyd edib ki, təkcə sonuncu deportasiya zamanı - 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarətləri alıb:
"300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2.5 milyard, ictimai təsərrüfatlar üzrə 17.5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün - 38 ildən sonra həmin ziyanın məbləği yüz milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil. Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkib, tarixi abidələrimiz dağıdılıb, qəbiristanlıqlar məhv edilib, mənəvi mühitlər yoxa çıxıb. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik.
Təkcə belə bir faktı xatırladım ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində aparılan monitorinq zamanı müəyyən edilib ki, bu məzarlıqların 12-si üzərindən asfalt yollar çəkilib, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilib. Altı qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilib, 67 məzarlıq üzərində vandalizm hərəkətləri edilib, dördünün üzərində sənaye və istehsal obyektləri salınıb, beşinin ərazisində hərbi istehkam işləri aparılıb. 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülüb, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilib. Qərbi Azərbaycan İcması olaraq, bizim əsas hədəflərimizdən biri Qərbi Azərbaycan həqiqətlərinə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyətin gücləndirilməsidir".
Ə.Ələkbərlinin sözlərinə görə, bu günə qədər İcma tərəfindən müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlanıb:
"Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkəmizdə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Milli Məclisin müxtəlif komitələri tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı 6 ictimai dinləmə keçirilib. Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul edib və İcmamızın qayıdış hüququnu dəstəkləyiblər. İcmanın təmsilçiləri Türkiyədə, İspaniyada, Niderlandda, Almaniyada, Belçikada, Polşada, Macarıstanda, Qazaxıstanda, Özbəkistanda, Mərakeşdə, Avstriyada, İordaniyada keçirilən tədbirlərdə iştirak ediblər.
2025-ci il il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinin paraflanması, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, nəhayət, bölgəyə sülhün gələcəyinə inamı artırmışdır.
Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın - erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır. Birgəyaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq, Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcək.
Bu gün Cənubi Qafqaz tarixinin həssas dönəmlərindən birini yaşayır.
Sülh danışıqları davam edir, yeni iqtisadi imkanlar müzakirə olunur. Nəqliyyat xətləri, enerji layihələri, regional əməkdaşlıq perspektivləri gündəmdədir.
Ancaq məncə bütün bunlardan daha böyük bir məsələ var - insanın taleyi. Əgər iqtisadi layihələr insanın rifahına xidmət etmirsə, onlar natamam qalacaq. Sülh insanın həyatına daxil olduğu zaman davamlı ola bilər.
Qərbi Azərbaycana hüquqi və ləyaqətli qayıdış ideyası düzgün idarə edilərsə, bu, Cənubi Qafqaz üçün təhlükə deyil. Əksinə, bu, etimad quruculuğunun yeni mərhələsi ola bilər. Çünki hüquqa əsaslanan qayıdış revanş yox, etimad, ədalət, sülh yaradır".