Yazırlar ki, oğlum 9-cu mərtəbədən yıxılıb, xoşbəxtlikdən yüngül xəsarət alıb. Bu xəbərə yalnız gülmək olar.
Oxu.Az xəbər verir ki, bu sözləri Musavat.com-a Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
O, bildirib ki, oğlunun intihar etməsi haqda məlumat yalandır:
“Gəlsinlər görsünlər, oğlumun bədənində bir cızıq, sıyrıq varmı? Ayıbdır, utansınlar! Uşaq dəniz kənarında istirahətdədir”.
Yayılan bu xəbərlərə cavab olaraq, Ə.Abıyev oğlu ilə birgə Zaqulbada istirahət etdiyini dedi:
“Telefonu verirəm İslama, özünüz onunla danışın”.
Əhəd Abıyevin oğlu İslam Abıyev isə musavat.com-a bildirdi ki, barəsində yayılan məlumatlar iftiradır və inanmayan mətbuat nümayəndələri gəlib, onunla görüşə bilər:
“Zaqulbadayam, atamın yanındayam. Kim istəsə, gəlib mənimlə görüşə bilər. Bədənimdə heç bir xəsarət yoxdur. Yıxılan adamın bədənində xəsarəti olar, başı yarılar. 9-cu mərtəbədən yıxılana heç nə olmaz?”.
İ.Abıyev onu görmək istəyənləri Zaqulbadakı çimərliyə dəvət etdi.
Qeyd edək ki, yayılan məlumatda Ə.Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9-cu mərtəbədən yıxıldığı iddia edilirdi.
Xəbərdə bildirilirdi ki, oğlu Ə.Abıyevlə mübahisə edəndən sonra özünü 9-cu mərtəbədən atıb, intihara cəhd edib.