Bərdə rayon İcra Hakimiyyətinin 9 aylıq hesabatında çıxış edən icra başçısı Vidadi İsayev şəhər bələdiyyəsinin sədri Hikmət Sadıqova işini düzgün aparmağı tapşırıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, başçı sədri danlayaraq bu sözləri deyib:
“Sənin işin ancaq yatmaqdan ibarətdir, ortada yeyib qıraqda gəzənsən”.
Başçı şəhər icra nümayəndəsinin sədri Əli Fərzəliyevə tapşırıq verib ki, gözü bələdiyyə sədrində olsun.
Bundan başqa, icra başçısı Güloğlular bələdiyyəsinin sədri Kazım Quliyevi və kənd icra nümayəndəsi Əli Rüstəmovu da tənqid atəşinə tutub. Bildirib ki, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi kənddə abadlıq işləri görür, yol kənarları zibilxanaya çevrilib.
Qeyd edək ki, icra başçısı qısa zamanda icra nümayəndələrinə və bələdiyyə sədrlərinə işində dönüş yaratmağı tapşırdı.