Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,7 faiz olacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən açıqlanmış dövlət büdcəsi layihəsində 2015-ci il üçün nəzərdə tutulan sosial müdafiə və sosial təminat xərcləri üçün 2040,5 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 290,2 mln.manat və ya 16,6 faiz çoxdur.
“2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1100,0 mln. manatı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 mln. manatı (2014-cü ilə nisbətən 41,6 mln. manat və ya 8,2 faiz, 2013-cü ilin faktiki icrasına nisbətən 90,3 mln. manat və ya 19,7 faiz çox) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,5 mln. manatı (2014-cü ilə nisbətən 2,3 mln. manat və ya 1,0 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 12,7 mln. manat və ya 6,0 faiz çox) Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşəri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Bununla yanaşı, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də sosial müdafiə və sosial təminat təyinatlı infrastrukturlara aid olan investisiya layihələri üzrə müvafiq məbləğdə vəsait nəzərdə tutulub”- məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az