III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam şəhərindəki İmarət Saray Kompleksində olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar Qarabağın zəngin mədəni irsi, xüsusən də qədim Ağdam şəhərinin tarixi ilə yaxından tanış olub, həmçinin rayonda fəal şəkildə aparılan bərpa işlərinin miqyasını şəxsən qiymətləndirmək imkanı əldə ediblər.
İmarət Saray Kompleksi 2024-cü il sentyabrın 19-da genişmiqyaslı bərpa işlərindən sonra istifadəyə verilib. Yerli və xarici mütəxəssislərin iştirakı ilə 2023-cü ildə bərpa və arxeoloji tədqiqat işlərinə başlanılıb. 3,3 hektar ərazini əhatə edən kompleksə mərasim zalları, məqbərələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının nümayişi üçün nəzərdə tutulmuş atçılıq kompleksi və müasir ziyarətçi mərkəzi daxildir.
Xatırladaq ki, iyulun 19-da "Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və medianın dayanıqlığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Forum iyulun 21-dək davam edəcək.





Daha çox foto burada: PhotoStock.az
III Şuşa Qlobal Media Forumunun iştirakçıları genişmiqyaslı bərpa və tikinti işləri davam edən Ağdam rayonunun Xıdırlı kəndinə səfər ediblər.
Oxu.Az Report-a istinadən xəbər verir ki, qonaqlara kəndin bərpasının birinci mərhələsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib.
Bunlara çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, məişət xidməti obyekti, emalatxana, təhsil və səhiyyə sahəsində mütəxəssislərin müvəqqəti yaşaması üçün qonaq evi, həmçinin tam orta məktəb və körpələr evi-uşaq bağçası daxildir.
Qeyd edək ki, Xıdırlı kəndinin birinci mərhələsinin açılış mərasimi iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilib.
III Şuşa Qlobal Media Forumunun mədəni-informasiya proqramı çərçivəsində tədbir iştirakçıları Ağdam şəhərindəki dəmir yolu və avtovağzal kompleksində olublar.
Oxu.Az Report-a istinadən xəbər verir ki, qonaqlara Bərdə-Ağdam dəmir yolu xətti layihəsi, eləcə də Bərdə-Ağdam-Xankəndi dəmir yolunun bir hissəsinin tikintisi ilə bağlı planlar barədə məlumat verilib.
Rayonun əsas strateji infrastruktur obyektlərindən biri olan bu nəqliyyat qovşağının təməli 2022-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Kompleks Ağdamın bərpası və müasir şəhər kimi inkişafında mühüm rol oynayır.
Gündəlik 800-dən 1 000-ə qədər sərnişinin qəbul edilməsinə hesablanmış dəmir yolu stansiyası 10 may 2025-ci ildə açılıb.


3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar.
Oxu.Az Report-a istinadən xəbərinə görə, qonaqlar sənaye parkının rezidentlərindən birinin fəaliyyəti ilə tanış olublar.
Ağdam Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 28 may 2021-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasına, sənaye potensialının inkişafına şərait yaratmaq, ən əsası isə rayon əhalisinin məşğulluğunu təmin etməkdir.
Xatırladaq ki, iyulun 19-da "Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək.
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam şəhərinə gəliblər.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar Ağdamda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.
Daha çox foto burada: PhotoStock.az