"AZƏRTAC-ın 105 illiyinə həsr olunmuş bu tədbir mənim üçün çox özəldir. Çünki bu qədər ölkəni təmsil edən xəbər agentliklərini burada bir arada görmək olduqca önəmlidir. AZƏRTAC-ın 105 illiyini qeyd etməsi böyük nailiyyətdir. Belə uzun tarixi olan agentliklər bu dövrdə çox nadir hallarda mövcuddur".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən "AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi" mövzusunda dəyirmi masada səsləndirib.
O, çıxışında yalnız keçmişə deyil, gələcəyə də fokuslanmağın vacibliyini vurğulayıb:
"Hazırda elə bir dövrdə yaşayırıq ki, bu günün reallıqları əvvəlki zamanlarla müqayisədə daha mürəkkəbdir. Gələcəyi düzgün planlaşdırmaq bizim üçün həyati əhəmiyyət daşıyır. Texnologiyanın sürətli inkişafı yeni çağırışlar yaradır. Müasir dövr qeyri-müəyyənliklərlə doludur və biz bu dəyişikliklərlə ayaqlaşmağa çalışmalıyıq".
Alexandru Giboi süni intellektin media sahəsinə təsirinə də toxunub:
"Hər şeyin bu qədər sürətlə dəyişdiyi bir zamanda uyğunlaşmaq asan deyil. Süni intellektin süni videolar yaratması artıq reallıqdır. Bəzi xəbər agentlikləri üçün bu texnologiya hələlik əhəmiyyətli görünməyə bilər, amma digərləri üçün süni intellekt daha effektiv və dolğun imkanlar təqdim edir".