Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi 2018-ci ilin altı ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumatda əksini tapıb.
Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, səkkizi (2,6%) isə əcnəbilərdir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülüb.Onlardan 6833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 7061 nəfərdən 3103-də (43,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2250 (72,5%) nəfər dispanser qeydiyyatındadır.
Qeyd edək ki, 2017-ci ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfər olub. Onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, beşi (2,3%) isə əcnəbidir.
İlhamə Əbülfət
www.oxu.az