Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda jurnalistlərə keçirilən təlimlər başa çatıb.
Oxu.Az-ın məlumatına əsasən, təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.
Təlimlərin məqsədi Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdəki fəaliyyətlərinə töhfə verməkdir.
Qeyd edək ki, təlim yanvarın 24-də başlayıb. Təlimin birinci günü “Azərbaycanın müharibədən sonrakı dövrdə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi”, “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı” və “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzuları müzakirə olunub.
Təlimin ikinci günündə “Post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, “Post-münaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında təlim baş tutub.
Təlimin üçüncü günü, yanvarın 26-da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə press tur təşkil edilib.
Təlim zamanı jurnalistlərin suallarına cavablar verilib, fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Təlimdə Oxu.Az-ın əməkdaşı Aqşin Kərimov da iştirak edib.
FOTO: Tapdıq Abdullayev, Kərim Abbasov