Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İki qurumdan hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışdığını bildirib.
Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər hansı problemi aradan qaldırmaq məqsədilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.
Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yarana bilər.
Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.
Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin "Çağrı Mərkəzi"nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə paytaxt ərazisində qar yağacağı, yolların buz bağlayacağı ehtimal edildiyini bildirib.
"Belə olan halda yol-nəqliyyat hadisələrinin baş verməsi və nəqliyyat sıxlığının yaranması qaçılmazdır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, ilk növbədə mümkün qədər şəxsi avtomobildən istifadə edilməsin.
Mərkəzin əməkdaşları tərəfindən 24 saat yollar nəzarətdə saxlanılacaq və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək, məlumat-sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulacaq.
Yol-hərəkəti iştirakçılarının yollardakı vəziyyətlə bağlı məlumatlandırılması təmin ediləcək. Qəzalar baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda və digər hallarda, dərhal gücləndirilmiş iş rejimində çalışan Mərkəzin əməkdaşları yol polisi ilə birgə tədbirlər görəcək.
Sürücülərdən sürət həddinə əməl etməyi, ara məsafəsi saxlamağı və məlumatlı olmaq üçün NİİM-in sosial şəbəkə hesablarını izləməyi xahiş edirik" - deyə, NİİM qeyd edib.