Bakı şəhər, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində sakinlərin bir qismi 8 gündür susuz qalıb.
Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildiriblər ki, su xəttində qəza baş verib, lakin aidiyyəti qurum qəzanın aradan qaldırılması istiqamətində tədbir görmür.
Sakinlərin sözlərinə görə, su xəttində qəza baş verdikdən sonra əraziyə gələn briqada xətti təmir etmək yerinə suyun ətrafa dağılmaması üçün xətti çüy vuraraq bağlayıblar, nəticədə 5 ailə susuz qalıb.
Onlar qeyd ediblər ki, günlərdir mənzilləri su ilə təmin edilmir:
"Qurumun qaynar xəttinə yığırıq, lakin baxan yoxdur. Briqada qəza baş verən günü gəlib xəttə gələn suyu kəsdi. Xətti təmir etmədilər ki, evimizə su gəlsin. İndi biz 8 gündür susuz qalmışıq".
Məsələ ilə bağlı Oxu.Az-ın ötən gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə göndərilən sorğuya cavab olaraq bildirilmişdi ki, məsələ müvafiq rayon sukanal idarəsinə yönləndirilib və araşdırıldıqdan sonra müvafiq işlər görüləcək.
Bu gün işlərin görülüb-görülməməsi ilə bağlı ünvanladığımız sorğuya cavab olaraq qurumdan qeyd edilib ki, bu gün briqada problemin aradan qaldırılması üçün əraziyə gedəcək.
Lakin sakinlər Oxu.Az-a bildiriblər ki, günorta saat 15 radələrinədək sözügedən briqada əraziyə gəlib çıxmayıb, hələ də susuzluqdan əziyyət çəkirlər.
Aygün Mirakif