Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nişanlı qız üçün qurban kəsilməsi günahdırmı?
Qurban islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə zil-hiccə ayının 10-cu günündə Qurban bayramı qeyd olunur.
Bu bayramda qurbanlıq kimi qoç, öküz, hətta dəvə kəsilə bilər. Qurbanı, adətən, niyyət edib kəsirlər. Kəsilən qurbanlıq hissələrə bölünərək qohum, qonşu və ehtiyacı olan şəxslərə paylanılır.
Bu il isə Qurban bayramı Azərbaycanda iyun ayının 16-17-nə təsadüf edir.
Qurban bayramında Azərbaycanda adət üzrə nişanlı olan qızlar üçün də qurbanlıq aparılır. Bəzən nişanlı qız üçün Qurban bayramında əlavə qurban da kəsilir.
Bəs görəsən, bu cür qurban kəsilməsi islamda varmı? Hansı şəkildə tənzimlənməlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayevin sözlərinə görə, gəlin üçün qurban kəsilməsi dini qanun deyil:
"İslam dinində, şəriətdə bir çox hökmlər var ki, onları müsəlmanlar icra edirlər. Müsəlman camaatının bəzi əməlləri var ki, islam şəriəti ilə üst-üstə düşür. Bu zaman qadağa yoxdur. Onlardan biri də budur. Qız köçürəndə adətdir ki, oğlan evi qıza qurbanlıq alır.
Bu islam qanunu deyil. Adətdir, qız alanda qurbanlıq payı aparırlar. Alırlar, kəsirlər və bölüşürlər. Savabdır, günah deyil. O iş savabdırsa, islamda günah olmaz. Gözəllikdir. Toyda da bunu edirik. İcazə var.
İsraf və günah yoxdur. Elə ailələr var ki, ehtiyacı olmadıqlarını bildirir. Bəziləri düşünür ki, yox, elin adətidir. Gözəl və yaxşı əməllərdir. Bunu etmək islamda bəyənilir. Qadağa yoxdur".
Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli isə əlavə edib ki, Qurban bayramında Məkkədə qurban kəsmək vacibdir:
"Qurban kəsilməsi həccin ayinlərini icra edən zaman vacibdir. Azərbaycanda və ya digər bölgələrdə həmin gün kəsilməsinin isə savabı çoxdur. Müstəhəbdir. Əsas səmimi qəlbdən edilən niyyətdir".
S.Məmmədli bildirib ki, gəlin üçün ayrıca qurban kəsmək anlayışı yoxdur:
"Qurbanlıq ümumidir. Bir adamın imkanı varsa, iki-üç qurban kəsə bilər. Belə olmuş olarsa, Allah yolunda edilən qurbandır. Yaxşı əməllərdə günah yoxdur.
Amma gəlin üçün aparılan qurban "İsmayıl qurbanıdır" deyə bir anlayış yoxdur. Sadəcə qurbanlığı kiminsə adına kəsmək olar. Savabdır. Günah deyil. Kəsilən qurban ehtiyacı olanlara paylanmalıdır. Allahın hüzurunda bu əməlin böyük fəziləti var".
Nəzrin Vahid
"Qurban Bayramı 2024" teqi üzrə xəbərlər
- Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
- Bayram günlərində baş verən qəzalarda ölənlərin sayı AÇIQLANDI
- Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı AÇIQLANDI
- İstanbulda qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü
- Laçınlıların Qurban bayramı sevinci: "Babalarımızdan yadigar qalan torpaqlardayıq"