Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsinə giriş üçün ödəniş alınması ilə bağlı yayılan məlumatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) münasibət bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə İlisu Milli Parkı yaradılıb və Ramramay şəlaləsi həmin milli parkın ərazisinə daxil edilib. Bununla əlaqədar əraziyə giriş milli parklar üçün müəyyən edilmiş qaydalara uyğun olaraq bilet sistemi vasitəsilə tənzimlənir.
"Milli park ərazilərində tətbiq olunan ödənişlər təbiət ərazilərinin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, ekoturizm infrastrukturunun inkişafına və turist marşrutlarının saxlanılmasına yönəldilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli Qərarına əsasən, milli parklara giriş haqqı hər bir ziyarətçi üçün 2 manat, avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə 1 saat üçün 50 qəpik, gündəlik 5 manat müəyyən edilib", - deyə məlumatda əlavə edilib.
Qaxın İlisu kəndindəki məşhur Ramramay şəlaləsinə səfər edən turistlərdən ödəniş alındığı iddia olunur.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.
Bildirilib ki, şəlaləyə gedən yolun girişində ödəniş məntəqəsi yaradılıb. Burada ziyarətçilərdən hər nəfər üçün 2 manat ödəniş alınır.
İddiaya görə, yığılan vəsait İlisu Dövlət Qoruğu tərəfindən qəbul edilir.
Yeni qayda şəlaləyə xüsusi maşınlarla turist daşıyan sürücülərin narazılığına səbəb olub. Onların sözlərinə görə, əlavə ödəniş turist sayına və səfərlərə mənfi təsir göstərə bilər.
Xatırladaq ki, Ramramay şəlaləsi Qax rayonunun ən çox ziyarət edilən turizm məkanlarından biridir. Şəlaləyə aparan dağ yolunda əsasən yüksək keçid qabiliyyətinə malik avtomobillərdən istifadə olunur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.