Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İllər sonra öz xilaskarı ilə görüşən Xocalı sakini: "Bir gecədə cəhənnəmi yaşadıq"
Xocalı soyqırımının törədilməsindən 33 il keçir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə atasını, anasını və bacısını itirən Xocalı sakini Kübra Mahmudova Baku TV-yə danışıb:
"Faciə baş verən zaman iki yaşım var idi, evin ən kiçiyi idim. O gün baş verənləri sonralar bacım mənə danışdı. O deyir ki, həmin gecə atam cibindən pul çıxarıb, stolun üstünə nəzir qoydu ki, hamımız ölək, amma əsir düşməyək. Atam digər bacım Xəyaləni, anam da məni kürəyinə bağlayıb evdən çıxmışıq. Atam yaşlıları, qadınları, azyaşlıları kürəyinə alaraq Qarqar çayından keçirib ki, suyu keçəndə donmasınlar. Atamın ayaqları donduğu üçün ləng irəliləyirdi. Anam dönüb atama baxanda güllə yarası alıb. O məni kürəyindən açıb yerə qoyandan sonra şəhid olub".
Kübra Mahmudova 32 ildən sonra öz xilaskarı ilə görüşdüyünü söyləyib:
"Keçən il həyatımı zabit Əsəd Fərəcovun xilas etdiyini öyrəndim. Meyitləri götürməyə gəlibmişlər. Görüb ki, anam məni bərk-bərk qucaqlayıb, onun qoynunda donub qalmışam".
"Qardaşım, bacım və mən fərqli yerlərdə idik. Anam adımızı, soyadımızı, kimin övladı olduğumuzu kağız parçasına yazaraq hər birimizin qoynuna qoymuşdu. Biz bunun sayəsində yenidən bir araya gəldik", ‒ Xocalı sakini qeyd edib.
Torpaqlarımız azad olunandan sonra doğma yurdunu ziyarət edən Kübra Mahmudova həmin gün yaşadıqlarından danışıb:
"Bilmirdim ki, sevinəm, yoxsa kədərlənəm. Fərqli duyğu içində idim. Xocalıya çatanda hamı maşından düşdü, amma mən düşə bilmədim, donub qalmışdım. Axı mən evimizdən tək çıxmamışdım. İndi tək qayıtmışam, amma məni qarşılayan heç kimim yoxdur".
Daha ətraflı Baku TV-nin süjetində:

"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Artur Rasi-zadə: "Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?"
- Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
- Xocalı faciəsinin canlı şahidi hər şeyi danışdı: "Səhərə qədər atışma getdi"
- Milli Məclis Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı müraciətlər ünvanlayıb
- Xocalı sakini: "Yoldaşım və altı əmisi oğlu əsir düşdü, indiyə qədər xəbər yoxdur"