Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi Oruc İzzət oğlu Qurbanovun doğum günüdür.
Oxu.Az xatırladır ki, 1949-cu il iyulun 24-də Bakı şəhərində anadan olan Oruc Qurbanov Bakı Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Daha sonra Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskvada görkəmli rejissor Anatoli Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu üzrə ixtisaslaşıb.
Uzun illər ölkənin müxtəlif teatrlarında baş rejissor kimi fəaliyyət göstərən sənətkar onlarla teatr tamaşasına, televiziya və radio layihəsinə quruluş verib.
Oruc Qurbanov Azərbaycan kino tarixində Xocalı faciəsinə həsr olunan "Haray" bədii filminin quruluşçu rejissoru kimi də mühüm yer tutur. Bu ekran əsəri Xocalı soyqırımını əks etdirən ilk mühüm bədii filmlərdən biri hesab edilir.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Oruc Qurbanov 2002-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
23 dekabr 2022-ci ildə 73 yaşında vəfat edib.