Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə Bibiheybət məscidində Həzrət İmam Rzanın (ə) mövludu ilə bağlı mərasim keçirilib. Dini icmaların rəhbərlərinin, ilahiyyatçıların, ziyalıların iştirakı ilə keçirilən tədbir Qurani-Kərimin tilavəti ilə başlayıb.
Oxu.Az xəbər verir ki, QMİ-dən ANS PRESS-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan QMİ-nin təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb, belə mübarək günlərin geniş qeyd olunmasına şərait yaratdığına görə ölkə başçısına dindarlar adından minnətdarlıq edib.
Sonra ilk çıxış üçün söz QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayevə verilib. Hacı Salman İmam Rzanın (ə) mövludunun məzhəblər arasında birliyə, qardaşlığa vəsilə olduğunu qeyd edib: “İmamət elə bir ucalıqdır ki, bu hər bir insana nəsib olmur. Allah-Təala bunu yalnız seçdiyi insanlara müjdə verib. Bu da Peyğəmbərimizin (s) sülaləsindən gələnlərə nəsib olub. Paklıq, gözəllik, İslam əqidəsinə bağlılıq məhz onlara məxsusdur. İmam Rza (ə) da məhz belə böyük şəxsiyyətlərdəndir. İmamlarımız İslamın ucalığını qorumaq, qüdrətini saxlamaq və vəhdətə nail olmaq üçün canlarından keçməyə belə hazır olublar və əksəriyyəti də şəhidliyə yetib. İslama daxildən zərbə vurmaq istəyənlər bölücülük salmaq üçün imamları yalnız şiələrə aid etməyə çalışırlar. Lakin onların bu cəhdi əbəsdir, çünki imamlar məzhəbindən asılı olmayaraq hər bir müsəlman üçü əzizdir, müqəddəsdir. Şiə və ya sünni olsaq da, İslamda birik. Bu gün İmam Rzanın (ə) mövludunun belə geniş şəkildə qeyd olunması bunu bir daha sübut edir ki, vəhdətimizi, qardaşlığımızı heç kim poza bilməz”.
Hacı Salman Musayev son illər ölkəmizdə dini bayramların, mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib: “Ateizim hökm sürən zamanında dinlərə, o cümlədən də, İslama qarşı çox güclü basqılar olub, alim, üləmalarımız mənəvi və fiziki terrora məruz qalıb, güllələnib və ya sürgün edilib, məscidlərimiz bağlanıb. Amma Allah sevgisini insanların qəlbindən silmək mümkün olmayıb. Ən sərt qadağalara, çətinliklərə baxmayaraq insanlar İmam Rzanın (ə) ziyarətinə gediblər. Bu gün isə Allah-Təala bizə böyük bir xoşbəxtlik nəsib edib. Dövlətimiz dindarlar üçün hər cür şərait yaradıb, dini bayramlarımızı, mübarək günləri belə azad şəkildə qeyd edə bilirik. Amma bu şəraitdən narahat olub qarşıdurma, bölücülük salmaq, kənardan bizə yad təriqət gətirmək istəyən və bu bəd əməllərini həyata keçirmək üçün gənclərimizdən istifadə etməyə çalışan qüvvələr də var. Biz öz vəhdətimizlə, İslama olan sevgimizlə bu cəhdlərin qarşısını almağı bacarmalıyıq, inanıram ki, bacaracağıq. Allah-Təalanın bizə əmanət etdiyi İslam və dövlətimizin qanunları bu işimizə zamindir”.
Sonra söz İmam Rza (ə) Məqbərə Kompleksinin təmsilçisi Hüccətülislam Dəvaniqiyə verilib. O, çıxış edərək məclisə toplaşanlara təbriklərini çatdırıb: “Qardaşlarımızla bir yerdə olmaq xoşdur. Allah-Təala bu mübarək günü yeddinci İmam Kazımın (ə) qızı Həzrət Həkimənin məzarı yerləşən Bibiheybət məscidində sizlərlə birgə qeyd etməyi bizə nəsib etdi. İmam Rzanın (ə) Məşhəddəki ziyarətgahından gətirdiyim salamları sizlərə yetirirəm. Azərbaycan xalqı İslamı bu torpaqlarda yaşatmaq üçün çox böyük zəhmət çəkib, əziyyətlərə qatlaşıb. Hörmətli Müfti Hacı Salman doğru qeyd etdi, sünnimiz, şiəmiz yoxdur, hamımız qardaşıq və Peyğəmbər (s) övladlarına ehtiramımız böyükdür. Allah-Təaladan arzum budur ki, İslamın bayrağını daim uca eləsin. Növbəti mövlud gününə qədər hamınıza İmam Rzanı (ə) ziyarət etmək nəsib olsun, inşallah”.
Daha sonra İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi fikirlərini bölüşüb: “Belə mötəbər məslisi təşkil etdiyi üçün Şeyxülislam həzrətlərinə minnətdarlığımı bildirirəm. Bizə də İmam Rzanın (ə) mübarək mövludunu Bibiheybət məscidi kimi müqəddəs bir məkanda qeyd etmək nəsib oldu. 10-12 il əvvəl mən buranı ilk dəfə ziyarət etmişdim. O dövrdən bura xeyli dəyişib, möhtəşəm məscid inşa edilib. Mərhum Heydər Əliyevin xidməti burada qeyd olundu, həqiqətən də çox böyük iş görülüb. Allah Heydər Əliyevə rəhmət eləsin!
Mərasimimizdə xüsusi vurğulandı ki, imamlar fərqli məzhəbli qardaşları bir-birinə daha yaxından bağlayır. Bu gün İslamın düşmənlərinin mübarizəsi nə sünni, nə də şiə ilədir, onlar İslamla savaşırlar. Ona görə də biz vəhdətimiz qorumağı bacarmalıyıq. Buna da nail olacağıq inşallah”.
Daha sonra çıxış edənlər İmam Rzanın (ə) uca məqamı haqda fikirlərini söyləyib, şeir və qəsidələr oxuyublar. Natiqlər pak imamların həyatının hər bir insan üçün nümunə olduğunu bildirdilər və belə günlərin qeyd edilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbir "Əhli-beyt" məddahlar qrupunun ifa etdiyi ilahilər və qəsidələrlə davam edib. Tədbirin sonunda qonaqlar üçün ehsan süfrəsi açılıb.
Xatırladaq ki, Bibiheybət məscidi İmam Rzanın (ə) bacısı Xanım Həkimənin (ə) məzarı üzərində tikilib və bura əsrlərdən bəri müsəlmanların ziyarət məkanlarındandır.