Uşaq Paralimpiya Komitəsi (UPK) tərəfindən üzgüçülük idman növünə cəlb olunan ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 4 yaşlı İmran Cəfərov ilk məşqini edib.
Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib.
O, bildirib ki, İmranla bərabər daha 4 sağlamlıq imkanları məhdud uşaq da üzgüçülüklə məşğul olur.
Ötən il yaşadığı faciə ilə əlaqədar olaraq İ.Cəfərzadə suya psixoloqun köməyi ilə girib.
“2013-cü ilin avqust ayında ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. UPK-nin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları uyğun idman növlərinə cəlb etməklə, ehtiyat idmançıların hazırlanmasıdır. Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması, onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına geniş şərait yaradacaq”.
Qeyd edək ki, artıq UPK-də 5 idman növü fəaliyyət göstərir. Bu idman növlərinə cüdo, stolüstü tennis, bossia, pauerliftinq və üzgüçülük daxildir. Ümumilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud uşaq professional idmana cəlb olunub. Stolüstü tennis idman növü ilə məşğul olan 12 yaşlı Fəxri Soltanov cari ilin mart ayında ilk beynəlxalq yarışda ölkəmizi təmsil edib. O, iyul ayında olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medala sahib olub. Hal-hazırda üzgüçülük idman növünə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunur.
Xatırladaq ki, güllə atıcılığı üzrə Milli paralimpiya komandamızın idmançıları komanda yarışlarında Almaniyada keçirilən dünya çempionatında 50 metr yarışmada fəxri 3-cü yerin qalibi olublar. 2 gün əvvəl 10 metr məsafədə də komanda 2-ci yerin sahibi olub.