Oxu.Az-ın suallarına Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü İnes Beniç cavab verir.
- Bizə özünüz və ölkəniz haqqında danışardınız.
- Adım İnes Beniçdir. Mən Xorvatiyadanam. Xorvatiyanı təsvir etmək üçün bir neçə ifadə var: Min ada ölkəsi; Böyük tətil üçün kiçik ölkə; Aralıq dənizi... Təbiət bizə gözəl töhfələr bəxş edib: dəniz, dağlar və böyük vadilər.
Mən iqtisadiyyat sahəsində magistr dərəcəsini və milli təhlükəsizlik sahəsində universitet mütəxəssisi dərəcəsini almışam.
Mən, digər ölkələrlə bərabər, Azərbaycanla da əlaqələri olan Cənubi Afrika müdafiə şirkətində çalışıram. Azərbaycanı ölkəmdə lazımınca təmsil etmək üçün, mən eləcə də Xorvatiyada Azərbaycan səfirliyi ilə və Xorvatiya-Azərbaycan dostluq Qrupu ilə əlaqə saxlayıram.
Hobbilərimin arasında mən ən çox boş zamanlarda, əsasən bioqrafiyalar, tarixi kitablar oxumağı, itlə gəzməyi idmanla məşğul olmağı sevirəm. 10 ildir boksla məşğul oluram.
- Azərbaycanda təhsil almaq və ölkəmizi daha yaxşı tanımaq şansını necə əldə etdiniz?
- Tədris zamanı işlə məşğul olarkən, mən enerji təhlükəsizliyinə maraq göstərirdim. Buna müvafiq olaraq mən energetikaya aid məsələlərə diqqət yetirirdim. İnternetdə bununla əlaqədar yaxşı məktəb axtararkən yaxşı reputasiya qazanmış Azərbaycan Diplomatik Akademiyasına (ADA) rastladım. Mən həmçinin ADA nəzdində fəaliyyət göstərən, hər il Bakıda Azərbaycan Neft Şirkəti ilə müştərək energetika Yay məktəbini təşkil edən Xəzər energetika və ətraf mühit Mərkəzini tanıdım.
Sənədlərimi yolladım və məni qəbul etdilər. Qeyd etməliyəm ki, Məktəbə gəlişim tədrislə bağlı ən gözəl təəssüratlarımdan idi. Dünya şöhrətli alimlər, akademiklər, siyasi xadimlər təcrübə və energetika və ətraf mühitə dair anlayışlarını bölüşürlər.
- Ölkəmiz haqqında bura gəlməmişdən öncə məlumatınız var idi?
- Energetika üzrə Yay məktəbinə sənədlərimi verdikdən sonra Azərbaycan haqqında oxumağa və informasiya toplamağa başladım, amma təəssüf ki, buna qədər Azərbaycan haqqında olan biliklərim səthi idi.
- Ölkəmizi necə təsəvvür edərdiniz?
- Oxuduqlarım və İnternet sayəsində ölkəniz haqqında çox şey öyrəndim, amma azərbaycanlıların onlar üçün mühüm olan insanları necə sevdiklərini, Heydər Əliyevi hörmət və ehtiramla necə yad etdiklərini sözlə demək mümkün deyil. Bütün bunlardan çıxış edərək deyə bilərəm ki, bu insanların vətənpərvərliyinin dünyada tayı bərabəri yoxdu.

- Xalqımızı necə xarakterizə edərdiniz?
- Bələdçi, universitet tələbələri, hökumət məmurları, eləcə də İçəri Şəhərdə adi insanlarla ünsiyyətdə olarkən, onların demək olar ki, hamısı optimist və milləti, eləcə də ölkəsi ilə qürur duyan, tarixini və ənənələrini qiymətləndirən kəslərin olduğunu gördüm. Ona görə də dedim ki, Azərbaycan söz və fotolarla təsvir edilə bilməz, bunu yaşamaq lazımdır.
Deməliyəm ki, Azərbaycan xalqının əsas keyfiyyəti onun qonaqpərvər olmasıdır, bununla daha öncə qarşılaşmamışdım. Burda öyrəndim ki, azərbaycanlılar qonağa olan sonsuz hörmətlərini göstərməyi özlərinə borc bilirlər. Ən yaxşı əyani vəsait olaraq fransız yazıçısı Aleksandr Dümanın “Əgər sən azərbaycanlının qapısını döyüb qərib olduğunu və yatmağa yerinin olmadığını desən, o sənin üçün ən böyük otağı hazırlayacaq, özü isə ailəsi ilə bərabər kiçik otağa keçəcək. Bundan başqa sən orda bir həftə, iki həftə, hətta bir ay da qalsan ev sahibi qayğına qalacaq, heç bir şeydən korluq çəkməyə imkan verməyəcək” sözlərini göstərmək olar. Bu, düzgün və əla təsvirdir.

- Azərbaycanın regionlarında olmusuz? Azərbaycanda ən çox hara yadınızda qalıb?
- Azərbaycanın hər bir guşəsində olmuşam! Azərbaycanın ən qədim kəndlərində - Lahıcda olmuşam, burada tarix ilə yaddaş, ənənə və yerli sakinlərin dostsevərliyi vəhdət təşkil edir. Eləcə də İsmayıllı, Qəbələ, Şəki, Gəncədə olmuşam.
Azərbaycana son səfərim zamanı blokadada olan Naxçıvan Muxtar Respublikasına səfər etmək imkanı əlimə düşdü. Naxçıvandan Ordubada gedərkən, milli universitet, muzey, mərkəz və məşhur tarixi abidələri ziyarət etdim və əlbəttə ki, özümlə çoxlu badam, cem, quru meyvələr, yerli araq və duz götürdüm.
Duzdağda yerləşən, Naxçıvan Fizioterapiya Xəstəxanası gözəl yerdir, yeraltı palatalar duz şaxtasında yerləşir.
Əlbəttə, mən Azərbaycan haqqında Bakının adını çəkmədən, onun bulvara və şəhərin qalan hissəsinə baxan Alov Qüllələrini xatırlamadan danışa bilmərəm. Heydər Əliyev Mərkəzindən, Beynəlxalq Muğam Mərkəzindən, İçəri Şəhərin əsrarəngiz küçələrindən danışmamaq mümkün deyil. Azərbaycanın iqtisadi inkişafının onun tarixi identikliyini və ölkə irsini dəyişmədiyi aydın görünür. Mənim ən çox sevdiyim yerlərdən biri Heydər Əliyev Mərkəzidir – bu müasir Bakının simvollarındandır. Memarlıq, texnologiya, dizayn və orda əldə etmək mümkün olan informasiya qiymətsizdir.
- Ölkələrimiz və xalqlarımız arasında ümumi cəhətlər görürsünüzmü?
- Bəli, həm də bu cəhətlər çoxdur. Amma ən mühüm cəhətlər məncə ölkələrimizin gənc və multimilli olmasıdır. Xorvatiya Yuqoslaviyadan ayrılaraq müstəqilliyini 1991-ci ilin oktyabr ayının 8-də elan edib, Azərbaycan SSRİ-dən 1991-ci ilin 18 oktyabrında ayrıldı. Hər iki ölkə zəngin mədəni irsə malikdirlər. İnsanlara gəldikdə isə eyni dəyərlərə üstünlük veririk. Düşünürəm ki, xalqlarımız arasında ümumi olan cəhət hər iki xalqın şənlənməyi sevməsidir.
- Siz başqalarına ölkəmiz, onun problemləri və uğurları haqqında danışırsınız? Xorvatlara Azərbaycan haqqında danışanda nə deyirsiz?
- Bəli, əlbəttə, mən onlara danışıram. Mən, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin Direktorlar Şurasının üzvüyəm və Azərbaycanın Xorvatiyada təbliğ edilməsi ilə məşğulam, mən Azərbaycanın zəngin ölkə, əsrarəngiz təbiəti və mədəni irsi olmasından başlayaraq erməni-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi haqqında broşürlərin xorvat dilinə tərcüməsi işinə yardım etmişəm.
- İnes, Siz Xorvatiya-Azərbaycan matçına baxmısız? Oyun haqqında nə fikirləşirsiz?
- Bəli, baxmışam. Hesab 6:0. Deyə bilərəm ki, Xorvatiya yığmasının bəzi oyunçuları dünyanın ən güclü klublarında oynayırlar. Mən ümid edirdim ki, Azərbaycan bir və ya iki qol vura biləcək.
Məşqçi Berti Foqtsa gəldikdə isə... Mən eşitdim ki, oyundan sonra yığmanı tərk edib. Düşünürəm ki, bu, Almaniyanı Avro-1996-da qızıl medala gətirdikdən sonra onun ən böyük məğlubiyyəti idi.
Bu oyun mənim üçün vacib deyildi. İdmandan danışarkən, 2015-ci ildə Bakının Avropa Oyunlarını qəbul etməsi vacibdir – bu, qitə üçün çox mühüm turnirdir!
- Yeri gəlmişkən Avropa Oyunları barədə... Bu oyunlardan nə gözləyirsiz və onların uğurlu keçməsi üçün nə edə bilərsiz?
- Oyunların proqramına 20 növ idman daxil edilib. Bu tədbirlər Avropada insanları birləşdirir. Baxmayaraq ki, bu, çox mühüm idman tədbiridir, inanıram ki, təşkilatçılar bu vəzifənin öhdəsindən gələcəklər və hər şey çox yüksək səviyyədə keçəcək. Oyunların Olimpiya ruhunda keçəcəyini gözləyirəm.
Mənə gəldikdə isə, mən Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin resurslarından istifadə edərək Azərbaycanın müsbət yönlərini təqdim etməyə davam edəcəm, bunun üçün mən digər platformalardan da istifadə edəcəm.
- Ölkələrimizə nə arzu edirsiniz?
- Birincisi sülh, rifah və ədalət. İkincisi isə, möhkəm işgüzar əlaqələr, eləcə də mədəniyyət və maarif sahəsində möhkəm dövlətlərarası münasibətlər.
Ş.Ə.
www.oxu.az