İranda baş vermiş zəlzələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) açıqlama yayıb.
Oxu.Az-ın məlumatına görə, Qafqazinfo-ya daxil olan açıqlamada bildirilir ki, qonşu ölkədə baş verən zəlzələdən sonra Azərbaycan KİV-i tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələ olub-olmayacağına dair çoxsaylı suallar daxil olub: "AMEA nəzdində RSXM olaraq bildirmək istəyirik ki, İran-İraq sərhədində baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazisində güclü zəlzələ gözlənilmir və bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur.
Jurnalistlərdən vətəndaşlarımızın məsələyə həssas yanaşdıqlarını, insanların bu kimi xəbərləri narahatlıq və qorxu ilə qarşıladıqlarını nəzərə alaraq, bu barədə informasiya yayarkən diqqətli olmalarını, mövzuya aid suallarını zəlzələlərin tədqiqatı ilə məşğul olan və bu sahəyə məsul AMEA nəzdində RSXM-ə ünvanlamağı xahiş edirik".
***
10:35
İran-İraq sərhədində baş vermiş zəlzələ zamanı yaranan dərinlik qırılmalarının Azərbaycanla əlaqəsi yoxdur.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, İranda baş verən zəlzələnin Azərbaycanda olan zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur: “Həmin zəlzələ Azərbaycanda o dərəcədə güclü hiss olunmayıb ki, ocaqlarda zəlzələ baş versin”.
Q.Yetirmişli əlavə edib ki, Azərbaycanda hər gün zəif təkanlar qeydə alınsa da, güclü, dağıdıcı zəlzələnin olması təhlükəsi yoxdur.
Qeyd edək ki, İranla İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri İranın Sərpol Zəhab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 207 nəfər dünyasını dəyişib, təxminən 1700 insan yaralanıb.
İraqda 4 nəfərin öldüyü, 200-dən çox nəfərin isə yaralandığı bildirilir.
E.Ə.