"Hüquqi bazanın mövcudluğu ilə yanaşı, uşaq hüquqlarının real həyatda qorunmasını təmin edən praktik mexanizmlər də mühüm əhəmiyyət daşıyır ki, onların da içində polisin fəaliyyəti xüsusi yer tutur".
Oxu.Az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və hüquq" adlı kitabın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, müasir dövrdə uşaqlara qarşı fiziki, psixoloji və məişət zorakılığı, baxımsızlıq, erkən nikah, küçə mühiti, kiberməkan və yol hərəkəti kimi uşaq travmatizminə yol açan təhlükəli amillər özünü büruzə verməkdədir:
"Bu baxımdan, risk altında olan uşaqların müəyyən edilməsi, təhlükəsiz mühitə çıxarılması, hüquqlarının bərpası və aidiyyəti dövlət qurumları ilə birgə müdafiəsinin təşkili istiqamətində tərəfimizdən davamlı iş aparılır.
Qeyd edim ki, müvafiq fəaliyyət yalnız inzibati və hüquqi çərçivədə deyil, uşağın psixoloji vəziyyəti nəzərə alınmaqla və düzgün qiymətləndirilməklə həyata keçirilir. Bu gün uşaqların qarşılaşdığı təhlükələr artıq yalnız küçə və ya məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mənbəyinə çevrilib. Kiberzorakılıq, sosial şəbəkələr vasitəsilə psixoloji təsir, zərərli kontent, şantaj, onlayn istismar və digər təhlükələr qarşımızda yeni vəzifələr müəyyən edir. Odur ki, müasir texnoloji çağırışlara uyğun bilik və bacarıqların artırılması məqsədilə valideynlər və təhsil müəssisələri ilə birlikdə profilaktik tədbirlər həyata keçirilir".