Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Oxu.Az-ın Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetin təsviri görünüb.
Həmin baqaja təkrar yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar olunub.
Xatırladaq ki, vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı belə dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
Z.Q.
www.oxu.az