Bakı Mühəndislik Universitetinin itkin düşən III kurs tələbəsi Lamiyə Binnətova tapılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, tələbə qız aprelin 1-də sevdiyi oğlana qoşularaq rayonlardan birinə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.
Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:
“Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir”.
Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.
Bakı Mühəndislik Universitetinin sözçüsü Elman Babayev isə Lamiyənin aprelin 1-i saat 16:50-də müəllimdən icazə alaraq dərsdən çıxdığını və geri qayıtmadığını bildirib.
10:24
Bakı Mühəndislik Universiteti (BMU) itkin düşən tələbənin aprelin 1-dən dərslərdə iştirak etmədiyini açıqlayıb.
BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Qafqazinfo”ya bildirib ki, həmin gün Memarlıq və İnşaat fakültəsinin 3-cü kurs tələbəsi olan Lamiyə Binnətova saat 16:50-də müəllimindən icazə alaraq dərsdən çıxıb:
“Tələbə dərsdən çıxdıqdan sonra universitet ərazisini tərk edib və geri qayıtmayıb. Bununla bağlı onun valideynlərinə və aidiyyəti üzrə polisə məlumat verilib. Əlavə olaraq qeyd edə bilərəm ki, L.Binnətova universitetin nümunəvi tələbələrindəndir, davamiyyəti və qiymətləri yaxşı olub”.
09:32
Abşeronda itkin düşən gənc qız axtarılır.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilib ki, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin tələbəsi Lamiyə Binnətova itkin düşüb.
Qeyd edilib ki, o, aprelin 1-i universitetdən çıxıb və naməlum istiqamətdə gedərək geri qayıtmayıb.
Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.