Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“İtlə dostluq elə, çomağı əldən qoyma”: Təhlükəsiz mühiti necə təmin edək? - ARAŞDIRMA + FOTO
Əslində, heç kim heyvanların düşməni deyil, amma qəbul edilməli bir gerçək var ki, dilsiz-ağızsız “dost”larımızın sağı-solu bəlli olmur. Hər ay bir neçə şəxsin küçə itlərinin hücumuna məruz qaldığı barədə xəbərlər oxuyuruq. Martın 3-də isə Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksində itlər azyaşlı oğlana hücum ediblər. Müxtəlif xəsarətlər alan doqquz yaşlı uşaq xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Bəs bu hadisədə günahkar kimdir? Heyvansevərlər deyirlər ki, küçə itlərini qəzəbləndirməsək, onlar bizə heç nə etməzlər. Doqquz yaşlı uşağın itləri nə qədər qəzəbləndirə biləcəyi də bir müəmmadır, bəlkə də, bacararmış, bəlkə də, yox...
Daha ağlabatan variant isə küçə itlərinin insanlara ac qalmaları səbəbindən hücum çəkmələridir. Bu isə başqa sual doğurur: onları yeməklə kim təmin etməlidir? Küçə itlərinin hər gün bir uşağı, bir yaşlını parçalayıb özlərini doyurmalarına tamaşa etməliyik? Çıxış yolu yoxdurmu?
Bir ara söhbət yayıldı ki, küçələrdəki sahibsiz itlər quduzluğa qarşı peyvənd olunacaq, qısırlaşdırılacaq və birkalanacaq. Hətta bir müddət sonra küçələrdə qulağında birka olan itləri də gördük. Amma qısa müddət sonra proses hansısa səbəbdən dayandı. Yəqin ki, birkalara ayrılan pul bitdi...
Bir vaxtlar sahibsiz küçə itləri ilə bağlı məsələlərə ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi baxırdı. Amma bu gün problemin həlli üçün əsaslı addım atacaq bir qurum tapılmır ki, tapılmır...
Nəyi gözləyirik? Təhlükə öz doğmalarımıza, yaxınlarımıza sıçrasın? Heç bir sağlamlıq yoxlanışından keçməyən, hər an qapmağa hazır olan aqressiv, quduz itlərin sürü halında həyətdə gəzməyi nə qədər doğru və qəbulediləndir?
Bütün mövzuları Avropa, yaxud ABŞ-yə bağlamaq üçün ürəyimiz gedir. Bəs heç kimsə düşünmür ki, orada sahibsiz itlər niyə yoxdur? Ona görə ki, Fransada, Almaniyada, İngiltərədə, ABŞ-də heyvanları çox sevirlər. Fransada ev itlərinin sayı milyonlarla ölçülür. Ümumiyyətlə, ev heyvanını küçəyə buraxmaq işgəncəyə bərabər sayılır və 30 min avroya qədər cərimə və ya iki ilə qədər həbs cəzasını nəzərdə tutur. Heyvanların sağlamlığı, qidalanması və yaşayış mühiti ilə bağlı qanuni qaydalar qüvvədədir. Heyvanı zorlamağın, işgəncə verməyin cəzası iki il həbs və 15 min avro həcmində cərimədir.
Niderlandda hətta heyvan polisi var və şikayət etmək üçün qaynar xətt fəaliyyət göstərir. Hətta məlumata görə, bu sistemin təxminən 400-ə yaxın əməkdaşının olduğu qeyd edilir. İspaniyada bütün sahibsiz itlər və digər heyvanlar xüsusi sığınacaqlara aparılırlar.
“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən də məsələyə münasibət öyrəndik. Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Qobu Park” yaşayış massivində olan hadisədən məlumatlıdırlar və təəssüf ki, belə hallar daha çox azyaşlı uşaqların başına gəlir:
“Məlumat üçün bildiririk ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin fəaliyyəti yazılı və şifahi müraciətlər əsasında Bakı şəhərinin inzibati ərazi bölgülərində olan sahibsiz küçə itlərini tutmaqdan ibarətdir. Mərkəzimiz artıq beş ildən çoxdur ki, fəaliyyət göstərir, ancaq buna baxmayaraq, küçə itləri hələ də ünvanlarda var. Əməkdaşlar tərəfindən tutulan sahibsiz küçə itləri burada iki-üç gün müddətinə qalır, sonra qısırlaşdırma əməliyyatı olur və şəhərətrafı ərazilərə qaytarılırlar. Bundan başqa, mərkəzdə himayə bloku da mövcuddur ki, sakinlər buradan ödənişsiz olaraq himayəyə itlər götürə bilirlər.
Uzun zamandır ki, maarifləndirici tədbirlər aparılır, vətəndaşlarla söhbətlər olur. Bu sahədə onların ayıq-sayıq olmalarının zəruriliyi bildirilir. Ümumiyyətlə, küçə itlərinə qarşı mübarizə tədbirlərini tam olaraq həyata keçirmək mümkün deyil, çünki onlarda artım olur. Sonda bildirmək istəyirik ki, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən sahibsiz küçə itlərinə qarşı mübarizə tədbirləri davam etdirilir və hər gün doqquz saata yaxın olmaqla ünvanlarda reydlər aparılır”.
Təkrar qeyd edirəm ki, heç kim küçə heyvanlarının öldürülməsinin tərəfdarı deyil və buna kimsəni sövq etmirik. Məsələ birgə təhlükəsiz mühitdə yaşamağın doğru və nəticə verəcək yolunu tapmaqdır. Küçə heyvanlarının qidalanması hər hansı formada təmin edilmədiyi müddətcə ac heyvanların qarşılarına çıxan şəxslərə hücum etməsi də davam edəcək.
Niyə restoranlarda, iaşə obyektlərində küçə heyvanlarının, xüsusilə də itlərin yeməsi üçün yararlı olan qida artıqları toplanıb müvafiq ərazilər üzrə küçə heyvanlarına verilmir? Onsuz da, küçədə qalan heyvanlar zibil konteynerlərində eşələnib hətta kök, yaxud çuğundur yeyirlər...
Zaqatalada heyvansevər Nizami Ramazanov tərəfindən yaradılan “Naynuxana Shelter” adlı sahibsiz itlərin sığınacağında da 300-dən çox it var. Nizami Ramazanov Oxu.Az-a açıqlamasında qeyd edir ki, bu problemin yeganə çıxış yolu qısırlaşdırma prosesini sürətli şəkildə davam etdirməkdir:
“Mən 300 iti küçədən yığıb baxıram. Mən bu məsələni ciddi problem kimi görmürəm. Maksimum üç-beş il ərzində qısırlaşdırma vasitəsilə küçə itlərinin təhlükəsi məsələsini aradan qaldırmaq olar. Bu boyda ölkədə təkcə IDEA Heyvanlara Qayğı təşkilatı küçə itlərinin qısırlaşdırılması və sterilizasiyası ilə məşğuldur. Bu, təbii ki, kifayət etmir. Təkcə Bakıda yox, regionlarda da qısırlaşdırma prosesi aparılmalıdır. Dövlət, aidiyyəti qurumlar, heç olmasa, heyvansevərlərə bu məsələdə dəstək olmalıdırlar. Biz vaxtında bu kimi problem olmasın deyə təkliflər vermişik. Küçə itləri hər ay yığılıb, qısırlaşdırılıb ərazilərə geri qaytarılmalıdır. Qısırlaşdırılmış itlər aqressiv olmur və çox vaxt hücum etmirlər. Küçə itləri üç-beş ildən çox yaşamır, hətta bəzən yollarda bədbəxt hadisələrin qurbanı olurlar. Aidiyyəti qurumlar bizə nə qısırlaşdırma üçün, nə də itlərin tutulması üçün dəstək, əməkdaş verirlər.
Biz də istəmirik ki, küçə itləri çoxalsın. Çoxaldıqca onların yemləndirilməsi də çətinləşir, qısırlaşdırılması da. Mən Zaqatalada sığınacağa aylıq 500 manata işçi tapa bilmirəm. Qısırlaşdırma prosesi yalnız özəl müəssisələrdə aparılır. İtlərin çəkisindən asılı olaraq bir qısırlaşdırma əməliyyatı 80-100 manatdan 200-250 manata qədər dəyişir. Amma IDEA Mərkəzində qısırlaşdırma pulsuzdur. İtləri Zaqataladan Bakıya gətirib, qısırlaşdırıb geri qaytarmaq üçün yük maşınına 500-600 manat pul veririk. Bir baytarın regiona dəvət edilməsi və qısırlaşdırma prosesini həyata keçirməsi üçün isə 60 manat tələb edilir. Bu da təbii ki, itlərin sayını nəzərə alsaq, çox baha başa gəlir. Aidiyyəti qurumlar heyvansevərlər üçün heç olmasa, yük maşınları ilə daşınma xərclərini qarşılaya bilərlər. Lakin hər kəs problem olmasını gözləyir və günahkar axtarır. Heç kim problemin çıxış yolunun tapılması üçün bir araya gəlmir. Odur ki, qısırlaşdırma prosesi aparılmazsa, bu kimi hadisələr, təəssüf ki, yaşanacaq”.
Onu da deyim ki, bu gün ölkəmizdə heyvanlara qəddarlıqla yanaşdıqda cərimə tətbiq olunur. Ancaq ev heyvanını küçəyə atmağa görə cərimə mövcud deyil.
Maraqlı məqam isə odur ki, heyvanlar aləmində görülməmiş yeniliklər baş verir. Çünki yaxın beş il ərzində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən xeyli it tutulub, qısırlaşdırılıb. Onlardan da qabaq aidiyyəti üzrə qurumlar bu prosesi həyata keçirirdilər. Bu qədər qısırlaşdırma prosesinə rəğmən, itlərin artımı dayanmır. Tibb sahəsi üçün yeni bir mövzu sayılır desəm, yalan olmaz...
Könül Cəfərli
Rəylər