"Rəqəmsal platformalarda dezinformasiyaların yayılmasına ən əsas səbəblərdən biri də nəzarətsizlikdir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "DHARANA Digital"ın direktoru Karen Sazerlend IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları" mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkə daxilində qurumlar əlaqəli həllər tapmalıdır:
"Dünyanın bəzi ölkələrində sosial mediada yayılan dezinformasiyalar baxımından bu platformaların üzərinə öhdəlik qoyublar. Belə ki, süni intellektlə yaradılmış məzmundan istifadə edən hər bir yaradıcı bunu mütləq qeyd etməlidir. Əks halda, onlar cərimələnirlər və ya onların platformaya girişləri bloklanır".
O qeyd edib ki, süni intellektlə hazırlanan kontentləri həqiqilərdən ayırmaq çətindir:
"Avstraliyada ilk dəfə sosial şəbəkəyə məhdudiyyətlər qoyaraq ilk addımı atdıq. Çalışmalıyıq ki, uşaqlar rəqəmsal platformalardan asılı olmasınlar. İnsanlar süni intellektlə özlərinə yaxın biri kimi davranırlar, bu isə faciələrlə nəticələnə bilər".