Kubra Məhərrəmova yazır...
Heç kim bilmir, sabah başına nə gələ bilər. Həyatın dibinə də düşə bilər, ən yüksək məqama yetişə də. Ona görə də kimisə qınamaq, zənnimcə, bizə düşməz.
Dünən jurnalist Əvəz Hafizli qətlə yetirilib. Özü də 24 yaşlı əmisi oğlu Əmrulla Güləliyev tərəfindən. Xalq dili ilə desək, əmioğlu namus üstündə "getdi içəri".
İddia olunur ki, cinayətin motivi Əvəzin cinsi oriyentasiyası olub. Bu barədə Əvəzin dostları müsahibə də verib. LGBT fəalı olan Əvəzin dostları deyir ki, cinsi oriyentasiyasına görə o, ailəsi tərəfindən daim təzyiqlərə məruz qalıb. Onun yas mərasimində iştirak edən dostlarının sosial şəbəkələrdə yazdıqlarına istinadən deyə bilərik ki, Əvəzin ölümü qohum-qonşularına elə də təsir etməyib, hətta onu qarğıyan da olub.
Amma özümüz üçün kaş bir məsələni müəyyənləşdirə bilək. Biz nə istəyirik? Nə istəmirik?
Madam ki, bu qəbildən olan insanlara “üzdəniraq” deyirik, onların həyat tərzini qınayırıq, olsun. Amma dəqiq olsun. Mən nədənsə tamam başqa tablo görürəm. Mən onu görürəm ki, sizin “üzdəniraq” dediyiniz əgər pulludursa, bahalı avtomobildən düşürsə, bahalı restoranlara gedirsə, onunla işiniz yoxdur. “Instagram”da, “TikTok”da izləyirsiniz, televiziya efirlərinə bəh-bəhlə dəvət edirsiniz, məclislərin yuxarı başında əyləşdirirsiniz, toylara, nişanlara, hansısa bahalı obyektlərin açılış mərasimlərinə dəvət edirsiniz.
Sual yaranır.
Onların üzünə deyə bilərsiniz “üzdəniraq”? Çətin. Onlarla şəkil çəkdirib sosial şəbəkə hesablarınızda paylaşırsınız. Ətrafında olmaqdan qürur duyanlar da az deyil. Amma onların şəninə deyilən sözlər, göstərilən hörmət pula, imkana görə edilir. Və nəticədə iyrənc bir yaltaqlıq çıxır meydana.
Bu məqamda Əvəzə yazığım gəldi. Əminəm ki, əgər onun da pulu olsaydı, qohum-qonşusu onun yanında olardı. Onun masasının ətrafına yığışıb, şərəfinə badə qaldırardı. Əminəm ki, onun əmisi oğlunun da qulağını dolduran olmazdı ki, adımızı batırır, get, öldür, canımız qurtarsın. Əksinə, deyəcəkdilər ki, sən ona yaxınsan, get gör, beşdən-üçdən nə qopara bilirsən?
Cəmiyyət bu ikili standartı ilə ən böyük həqiqəti bizə bir daha xatırlatdı.
Mavi olursan, qırmızı olursan, nə olursan ol, təki pullu ol. Bərq vur, parılda!